GÖRKƏMLİ OFTALMOLOQ ALİM ZƏRİFƏ ƏLİYEVAYA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Akademikin fəaliyyəti geniş və zəngindir. Alicənablığına, səmimiyyətinə, xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə böyük ziyalı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında bu böyük ziyalının insanlara bəxş etdiyi nur onun elminin dərinliyindən, mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanıb. Görkəmli alimin bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhməti, oftalmologiya elminin inkişafı yolundakı səmərəli fəaliyyəti və möhtəşəm xidmətləri dururdu.
Aprelin 27-də Gəncə Dövlət Universitetinin 5-ci tədris korpusunda keçirilən “Zərifə Əliyeva ömrünün işığı” adlı tədbirdə bütün bunlardan, eləcə də akademikin elmi nailiyyətlərindən, mənalı ömür yolundan ətraflı bəhs edilmişdir.
Universitetin filologiya fakultəsinin təşkil etdiyi tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Zərifə Əliyevaya həsr olunmuş sənədli film nümayiş etdirilmişdir. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək görkəmli alimin Azərbaycan elminə verdiyi töhfələrdən, eləcə də onunla olan xatirələrindən danışmış, akademikin insani keyfiyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Sonra universitetin Azərbaycan dili kafedrasının dosenti Solmaz Cəfərova “Şəfqət dolu ömür”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov “İşıqlı əməllər sahibi”, Azərbaycan dili kafedrasının müəllimi Nurlu Qasımova “Zərifə Əliyeva fenomeni” mövzularında məruzələrlə çıxış etmişlər.
Mətbuat və ictimaiyyələ əaqələr xidməti.