HƏMKARLAR MÜKAFAT TƏQDİM ETDİ

13 may 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası oldu. Komitənin sədri Afaq  Qasımova məlumat verdi ki, Universitetimizin rektoru hörmətli Yusif müəllimin təşəbbüsünə uyğun olaraq xaricə ölkələrin nüfuzlu jurnallarında elmi məqaləsi, yaxud elmi kitabı dərc olunan əməkdaşların  mükafatlandırılması bir ənənəyə çevrilmişdir. Bu ənənəyə əsasən növbəti mükafat Kimya kafedrasının əməkdaşına veriləcəkdir. Kafedranın professor əvəzi, pedaqoji elmlər doktoru Tağıyev Tağı İbrahim oğlu olduqca məhsuldar elmi-tədqiqat işləri aparır.  Son dörd il ərzindəTəhsil Nazirliyinin qrifi ilə  6 dərslik, 2 dərs vəsaiti, 2 metodik vəsait,  6 fənn proqramı, Respublikanın nüfuzlu elmi jurnallarında 16 məqalə çap etdirmişdir.  Bu günlərdə isə Moskva şəhərində nəşr olunan “Химия в школе” adlı elmi jurnalda “Kimyəvi tarazlığın tədrisi metodikası” adlı məqaləsi işıq üzü görmüşdür.
Afaq xanım bu münasibətlə Azad Həmkarlar İttifaqı Komitəsi adından pul mükafatını Tağıyev Tağı İbrahim oğluna təqdim etdi.
Sonra qeyd etdi ki, Universitetimizin Praktik xarici dillər kafedrasının baş müəllimi Ağamirov Cahan Mirbaba oğlunun 70 yaşı tamam olur. O, bu illəri əsl vətəndaş, zəhmətkeş pedaqoq kimi yaşamış, tələbələrin fars dilini öyrənmələri üçün var qüvvəsini əsirgəməmişdir.
Afaq xanım Cahan Ağamirova fəxri fərman və pul mükafatı təqdim edib ona uzun ömür, can sağlığı, pedaqoji fəaliyyətində uğurlar arzuladı.