HAMININ MƏQSƏDİ BİRDİR

Azərbaycan təhsilinin Avropa və dünya təhsilinə inteqrasiyası, ölkələrin və xalqların bir-birinə yaxınlaşması, iqtisadi, mədəni əlaqələrin inkişafı gələcək nəslin bu sahədə də uğurlar qazanması xarici dilin öyrənilməsinə ciddi ehtiyac yaratmışdır. Gəncə Dövlət Universitetinin xarici dil müəllimləri belə bir ehtiyacı olduğu kimi dərk edir və pedaqoji-metodiki fəaliyyətlərində ciddi dönüş yaradır, hər bir dərsin tədrisinə məsuliyyətlə yanaşırlar. Filologiya üzrə fəlsəfə doltoru dosent Mehdi Rəhimovun bacarıqla müdirlik etdiyi Qrammatika və ingilis dilinin tədrisi kafedrasının əməkdaşlarının bu   sahədə fəaliyyətləri təqdirəlayiqdir. Hər bir müəllim yeni metodiki təcrübələri öyrənir, əldə etdikləri bilikləri nəinki böyük həvəslə tələbələrinə çatdırırlar, hətta orta məktəblərdə çalışan həmkarları ilə bölüşürlər.  09 dekabr 2016-cı il tarixdə Gəncə şəhər 44 №li ingilis dili təmayüllü Bağça-Məktəb-Lisey Kompleksində kafedranın müəllimi Türkan Ağayevanın məhşur rəssam Səttar Bəhlulzadənin rəsm əsəri ilə bağlı  “Torpağın arzusu” mövzusunda açıq dərsi də bu məqsədə xidmət edir.

Açıq dərsdə məktəbin direktoru Knyaz Süleymanov,tədris işləri üzrə müavini Rəfiqə Ramazanova, ingilis dili müəllimlərindən Xuraman Cəfərova, Mahirə Sadıqova, Elmira Həsənova, Universitetin Təcrübə və karyera şöbəsinin pedaqoji təcrübə rəhbəri dosent Cabbar Qarayev, kafedra müdiri dosent Mehdi Rəhimov, kafedranın baş müəllimi Elmira Mustafayeva və müəllim Kəmalə Əliyeva iştirak etmişlər.

Ali mıktıb müəllimlərinin orta məktəblərdə açıq dərsləri bir ənənə halını alıb. Bu isə hər iki təhsil ocaqlarının əlaqələrinin artmasına, gənc nəslin təhsilə münasibətlərinin müsbət mənada əsaslı surətdə dəyişməsinə səbəb olur. Tələbələrdə də gələcəkdə öz müəllimləri kimi peşələrinin ustası olmalarna güclü həvəs yaradır.

Dərsin müzakirəsi də uğurludur. Aparılan fikir mübadiləsi, təcrübələrin bir-birinə ötürülməsi sevindirici haldır. Bu mənadan Təcrübə və karyera şöbəsinin kafedra ilə birgə fəaliyyəti təqdirəlayiqdir.