İdman klubu
Xaqani Nurəddin oğlu Umudov – klubun rəhbəri
1982-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə ixtisasını bitirib. 2010-cu ildə Gəncə Dövlət Universitetində təlimatçı-metodist işləmiş, 2011-ci ildən İdman klubunun sədri vəzifəsinə təyin olunmuşdur.
İdman klubu Təhsil Nazirliyinin kütləvi idman tədbirlər planına, universitetin rektorunun əmr və tapşırıqlarına, klubun əsasnaməsinə və iş planına əsasən qurulub.
Klubun tərkibində 10 idman növü üzrə 20 komanda təşkil olunaraq məşğələlərə cəlb edilib.
Bunlar aşağıdakılardır:
- Futbol
- Voleybol
- Basketbol
- Həndbol
- Stolüstü tennis
- Şahmat
- Dama
- Atletika
- Ağır atletika
- Fitnesdir
Adları qeyd edilən idman növlərinin məşğələlərinə xeyli sayda professor- müəllim heyəti və 250 dən çox tələbə cəlb olunub.
II tədris binasında məşqlərin keçirilməsi və gənclərimizin sağlam həyat tərzinin təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması üçün lazımi şərait yaradılıb. İdmanın maddi texniki bazası yaxşılaşdırılmış, beynəlxalq standartlara uyğun mini futbol meydançası tikilib idmançıların ixtiyarına verilmişdir. Fitnes zalı təmir olunub və müasir avadanlıqlarla təmin edilmişdir. V tədris binasınında da idman zalı yüksək səviyyədə təmir olunub və müasir idman avadanlıqları ilə təmin edilmişdir.
Təqvim planına uyğun olaraq şəhər və respublika çempionatında və kütləvi idman tədbirlərində universitetin komandalarının iştirakı yüksək səviyyədə təmin olunur. Yarışlarda idmançılarımız fəal iştirak edərək uğurlu nəticələr qazanırlar.
2016-cı il fevral, mart, aprel aylarında Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə Ali və Orta ixtisas təhsil müəssisələri arasında keçirilən spartakiadada komandalarımız bütün idman növləri üzrə qələbə qazanaraq ümumi spartakiadanın qalibi olmuş və 1-ci yerə layiq görülmüşdür. İdmançılarımız şəhər idman rəhbərliyi tərəfindən mükafatlandırılmışlar.
Təhsil Nazirliyi, Təhsil İşçiləri AHİK Gəclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2016-cı il mart, aprel, may aylarında tələbələr arasında respublika çempionatı keçirilib. Çempionatda komandaların iştirakı yüksək səviyyədə təmin edilib. Həmin yarışlarda atletika komandası Respublika üzrə 3-cü yerə, şəxsi hesabda 1-ci yerə, şahmat komandası 3-cü yerə, basketbol komandası 5-ci yerə, stolüstü tennis komandası 2-ci yerə çıxmışdır. Komandalarımız qazandıqları uğurlara görə təşkilatçılar tərəfindən mükafatlandırılmışdır.
Gəncə şəhər gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə 2017-ci il mart ayının 5-də idman gününə həsr olunmuş peşəkar idmançılar arasında şəhər çempionatı keçirilmişdir. Universitetin atletləri 150 atlet arasnda mükafata layiq 10 yerdən 1-ci, 2-ci, 4-cü, 5-ci və 8-ci yerləri tutmuşlar. Voleybol üzrə qızlar komandamız isə 1-ci yeri tutmuşdur. İdmançılarımız təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
2017-ci il aprel ayında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə peşəkar güllə atıcılığı üzrə respublika çempionatı keçirilmiş və bu yarışda universitetin idman klubu Gəncə şəhərini təmsil etmə hüququ qazanaraq regionda 4-cü yerə çıxmışdır.
2017-ci il mart, may aylarnda ali təhsil müəssisələri arasında 13-cü respublika universiadası keçirildi. Bu yarışda da univeristetin idman komandalarının iştirakı yüksək səviyyədə təmin olundu. İdmançılarımız stolüstü tennis, atletika və dama üzrə 3-cü yerə sahib oldular. Voleybol üzrə oğlanlar isə 5-ci yeri tutmuşlar. İdmançılarımız Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılmışlar.
2017-ci ilin may ayında Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasnın 94-cü ildönümünə həsr edilmiş idman yarışında universitetin şahmat və futbol komandası 1-ci yerə layiq görülmüşdür.
İdmana göstərilən qayğının nəticəsidir ki, Gəncə Dövlət Universiteti respublika universitetləri arasında beş ən yaxşı universitetlər sırasına seçildi.