İdmanın inkişafı Azərbaycanda uğurla gedir
2025-ci il Azərbaycanda idmanın inkişafı və bu sahədə əldə etdiyimiz nailiyyətlər baxımından uğurlu olmuşdur. Bu Inkişaf və nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi nüfuzunun möhkəmlənməsinə xidmət edir.
Bu il idmançılarımız beynəlxalq yarışlarda 2000-dən çox medal, 600-dən çox qızıl medal qazanıb. Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir, idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.
Bölgələrdə də idmanla məşğul olmaq üçün bütün şərait var. Regionlarda Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb. Bu il Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisi başa çatmışdır.
Düzgün aparılan siyasət idmanın inkişafını yüksəldir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir.
Son illər ərzində beynəlxalq yarışlarda idmançılarımızın nəaliyyətlər əldə edərək Dövlət Bayrağımızı qaldırması hər bir Azərbaycanlını qürurlandırır.
Bu il Azərbaycan bir çox idman yarışına ev sahibliyi etmişdir. Onlardan ən əsas idman yarışı MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə – bir neçə şəhərdə keçirilmişdir. Minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə biz layiq görüldük.
2025-ci ildə ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilmişdir. Bu da dünya miqyasında ən populyar idman yarışıdır və adətən bu yarışların əksər mərhələləri Amerikada keçirilir.
Bu il Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir. O cümlədən 2025-ci ildə Azərbaycanda Formula 1 yarışı da keçirilmişdir. Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır. Bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı. Bu yarışın auditoriyası yarım milyard insana bərabərdir.
Ilk dəfə ölkəmizdə Xizək üzrə Dünya Kuboku keçiriləcək. Bu Azərbaycanı və Şahdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur. Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir. Bütün ətraf kəndlər, şəhərlər, orada işləyən, yaşayan insanların bir çoxu turizmin bu sektoruna da cəlb edilib.
GDU İdman klubunun rəhbəri Xaqani Umudov

