İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASI YARANMASININ 140 İLLİYİNƏ HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetinin tarix fakultəsində İrəvan Müəllimlər Seminarıyasının 140 illiyinə həsr edilmiş konfrans keçirilmişdir.

          Konfransda Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Vətən Müharibəsində şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

          Sonra konfransı giriş sözü ilə universitetinin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq  ölkə başçısı İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncamın əhəmiyyətindən danışmış və diqqətə çatdırmışdır ki, “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamı milli yaddaşımızın bərpasına hədəflənmişdir. Dövlət başçısının sərəncamında vurğulandığı kimi, XIX əsrin ikinci yarısından etibarən  Cənubi Qafqazda maarifçilik hərəkatında İrəvan Müəllimlər Seminariyasının xüsusi yeri olub. 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun qorunub saxlanılmasında diqqətəlayiq xidmətlər göstərib. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları var.

          Sonra universitetin Azərbaycan tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru İlham Məmmədovun “İrəvan şəhəri, Azərbaycan türklərinin qədim mədəniyyət mərkəzidir”, həmin kafedranın baş müəllimi Eldar Mehtiyevin “XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda sosial-siyasi mühit”, tarix fakultəsinin dekanı, dosent Urfan Həsənovun “XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkati”, ümumi tarix kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Gültəkin Allahverdiyevanın “İrəvan Müəllimlər Seminariyasının Azərbaycan milli təhsilin inkişafında rolu” və başqalarının müxtəlif mövzularda məruzələri dinlənilmişdir. Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.