Kimya üzrə fəlsəfə doktoru, dosent Vəliyev Murad Turab oğlu vəfat etmişdir

Gəncə Dövlət Universitetinin kollektivinə ağır itki üz vermişdir. Universitetin Kimya kafedrasının dosenti Murad Vəliyev 16 noyabr 2024-cü il  tarixdə vəfat etmişdir.

     Kimya üzrə fəlsəfə doktoru, dosent Vəliyev Murad Turab oğlu 1948-ci ildə Goranboy rayonunun Nizami kəndində ziyalı ailəsində anadan olmuşdur. 1971-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Kimya ixtisasını bitirmişdir. O, 1986-90-cı illərdə Azərbaycan Elmlər Akademiyası Xlor üzvi Sintez İnstitutunun dissertantı olmuş, 1990-cı ildə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2002-ci ildə  ona dosent elmi adı verilmişdir.

     Murad Vəliyev 1971-1977-ci illərdə Goranboy rayon Borsunlu kənd orta məktəbində müəllim, 1977-1986-cı illərdə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunda Kimyanın tədrisi metodikası kabinetinin müdiri, 1986-2005-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında baş laborant, laboratoriya müdiri, baş müəllim, dosent vəzifələrində işləmişdir.
    
     2005-ci ildən etibarən Gəncə Dövlət Universitetinin Kimya kafedrasında dosent vəzifəsində çalışmışdır.  Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 oktyabr tarixli Sərəncamı ilə dosent Murad Vəliyev “Tərəqqi” medalı ilə təltif edilmişdir.  O, 100-ə qədər elmi əsərin, 3 dərs vəsaitinin müəllifidir.  

Gəncə Dövlət Universitetinin inkişafında və tərəqqisində xidmətləri olmuş Vəliyev Murad Turab oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə bağsağlığı verir, səbr diləyirik.

     Allah rəhmət eləsin!

Rektorluq