KONSTİTUSİYA GÜNÜNÜN 25 İLİNİ BÖYÜK QƏLƏBƏ İLƏ QEYD EDİRİK

Bu gün müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin – ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 25 illiyi qeyd olunur. Konstitusiyanın 25-ci ildönümünün Vətən Müharibəsində böyük qələbəmizə təsadüf etməsi bu tarixi daha da əlamətdar etdi. Bu gün Azərbaycan üçün tarixi bir gündür. Erməni faşizminin 30 ildə yaratdığı möhkəm istehkamları cəmi 44 gün ərzində darmadağın edərək işğal altında olan 299 şəhər, qəsəbə və  kəndlərin, həmçinin  Murov zirvəsi, Xudafərin körpüsü, eyni zamanda Bartaz, Sığırt, Şükürataz kimi strateji əhəmiyyətli  onlarla yüksəkliyin azad edilməsi əsl möcüzədir, şanlı ordumuzun tarixə yazdığı qəhrəmanlıq nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi həm siyasi, həm də hərbi arenada Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşdı. Konstitusiyanın 25-ci ildönümünün Vətən Müharibəsində böyük qələbəmizə təsadüf etməsi bu tarixi daha da əlamətdar etdi.

İyirmi beş  il bundan öncə müasir dövlətçilik tariximizdə müstəqillik, suverenlik, demokratiya və dünyəvilik kimi dəyərlərin əbədi və dönməz olduğunu bəyan edən ölkəmizin Əsas Qanunu qəbul edilib. Dövlətin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası, ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya Komissiyası tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Əsas Qanunun layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul olunub. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib.

Ulu Öndərin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub – yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.

Konstitusiya dövlətin ən ali hüquqi qüvvəyə malik qanunu olmaqla, canlı orqanizm kimi daim inkişafdadır. Bu baxımdan bu ali sənədə də müəyyən vaxtlarda müvafiq əlavə və dəyişikliklər edilərək müasir tələblərə uyğunlaşdırılması kifayət qədər səciyyəvi haldır. Belə ki, hüquq sisteminin əsasını təşkil edən Konstitusiya cəmiyyətin müasir dövrlə uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiə mexanizmlərini ehtiva etməlidir.  Ölkə Konstitusiyasının ən yüksək hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimetmə sisteminin əsasında durmaqla, ictimai münasibətlərin inkişafında sabitlik, müəyyənlik amili kimi çıxış edir, ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, hüquq qaydasının, demokratik cəmiyyətin qurulmasına xidmət edir.

Bu zərurətdən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilib.

Dövlətin inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da təkmilləşdirilib, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə mütərəqqi dəyişikliklərin edilməsi nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikasına nail olunub.

İnkişaf özü davamlı proses olduğundan, bu davamlılığın təmin edilməsi üçün islahatların həyata keçirilməsi vacibdir. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən kadr və struktur islahatları idarəetmə sistemində aparılan yeniliyin növbəti mərhələsidir. Aparılan struktur islahatları dövlət idarəçiliyinin modernləşməsinə və optimallaşmasına, şəffaflığın, müxtəlif sahələrdə çevikliyin artırılmasına xidmət edir, son nəticədə isə Əsas Qanunda əksini tapmış prinsiplərin təmin edilməsinə yönəlib.

Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı zəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ