Məktəblərdə keçirilən açıq dərslərdə müasir tədris və təlim metodlarına üstünlük verilir
Gəncə Dövlət Universitetinin “Qrammatika və ingilis dilinin tədrisi” kafedrasının müəllimi Zümrüd Rzayevanın Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbdə 7-ci sinif şagirdləri üçün “Talent Contest” (İstedad müsabiqəsi) adlı mövzuda açıq dərsi keçirilib.
Dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fəxrəddin Məmmədov, Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri Mehdi Rəhimov, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müəlliməsi T.Cəlilova iştirak ediblər.
Açıq dərsin keçirilməsində məqsəd şagirdlərə yeni sözlərin düzgün tələffüz edilməsini və mənalarını öyrətmək, onların müzakirələrdə fəal iştirakı etməsini və öz fikirlərini irəli sürməsini təmin etmək, istedad və bacarığın fərqini ayırd etmə bacarığını təkmilləşdirmək, həmçinin ilk istedad müsabiqəsi haqqında yeni məlumatı şagirdlərə çatdırmaq olub.
Kurikulum üsulu və induktiv növdə tədris olunan açıq dərsdə müvafiq standartlardan, təsvir, müzakirə, rollu oyun, kimi üsullardan istifadə edilib, dərsə aid tapşırıqlar yerinə yetirilib. Ümumilikdə müasir tədris və təlim metodları əsasında keçilən dərsdə müxtəlif tədris vəsaitlərindən istifadə edilib.
Sonda açıq dərs təhlil edilərək ixtisasçı mütəxəssislər və pedaqoqlar tərəfindən qiymətləndirilib.