Mehriban xanım Əliyeva fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb

                Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Prezident İlham Əliyevin ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban xanım Əliyeva ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə sanballı töhfələr verir.      

      Mehriban xanımın ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, mənəvi dəyərlərə və milli ənənələrə sadiq qalan ziyalı ailəsində böyüməsi onun bir şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərib. 

     Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və öhdəliklər götürən Birinci vitse-prezident Mehriban xanım Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur.

      Şəhid ailələrinə, qazilərə xüsusi diqqət, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi analıq qayğısı bunun bariz nümunələridir. Vətən müharibəsi zamanı ordumuza verdiyi mənəvi dəstək, milli həmrəyliyə xidmət edən çağırışları daim minnətdarlıq duyğuları ilə xatırlanır. Sərhəd tanımayan xeyirxahlığı, nəcibliyi birinci xanım Mehriban xanım Əliyevaya təkcə Azərbaycanda deyil, yaxın və uzaq xaricdə tükənməz məhəbbət qazandırıb.

       Mehriban xanım Əliyevanın uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu iyirmi ildir ki, Ulu Öndər Heydər Əliyevin ideyalarının reallaşdırılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, sosial rifaha hesablanmış addımlar, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafına yönəlmiş layihələrə verilən dəstək, xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilməsi üçün göstərilən aramsız səylər bu qəbildəndir. Fondun xətti ilə hətta respublikamızın ən ucqar nöqtələrində inşa və bərpa edilən məktəb binaları, tibb məntəqələri buna misal ola bilər. Bu məqsədlə bir çox proqramlar və layihələr həyata keçirilib. Fond ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində də fəal iştirak edib və edir.

      Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.

        Birinci vitse-prezidentin Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki sözlər hər birimizin yaddaşındadır: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs dua və arzu 44 gün ərzində həyata keçdi. Doğma Qarabağımız Ali Baş Komandan, Prezident  İlham Əliyevin sarsılmaz iradəsi, Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində öz azadlığına qovuşdu. Bu gün isə azad torpaqlarımızda geniş quruculuq işləri aparılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak edir.

     Mehriban xanım Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. Təsadüfi deyil ki, yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.

    2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi idi. “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”, – həmin vaxt dediyi bu sözlərə sadiq qalaraq dövlətçiliyə layiqincə xidmət edir, üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldur.

    Eyni zamanda, yer üzündə sülh və təhlükəsizlik, sivilizasiyalararası dialoq mühitinin formalaşması, tarixi-mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə Mehriban xanım Əliyevanın verdiyi şəxsi töhfələr, etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycanın zəngin təcrübəsi dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir və öyrənilir.  Mehriban xanım multikultural dəyərlərin və milli mədəniyyətimizin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yorulmadan fəaliyyət göstərir. Məhz Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.

      Mehriban xanımın təşəbbüsü olan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır.

     Səhiyyə sahəsinə gəlincə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu çərçivədə Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Birinci vitse-prezidenti köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Onlar Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar. Mehriban xanım ictimai-siyasi həyatda, dönməz xarakter alan islahatlar prosesində fəal iştirakı, milli mədəniyyətimizin dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyəti, vətənpərvərliyi və xeyirxahlığı ilə milyonların sevimlisinə çevrilib. Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir.