Müəllimlər cəmiyyətin tərəqqisində, mənəvi inkişafında, elmi  və texnoloji irəliləyişlərin təməlində duran ən əsas sütunlardan biridir

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Bu gün təkcə müəllimlik peşəsini icra edən şəxslərin deyil, bütövlükdə təhsilin, bilik mənəviyyatın təntənəsi kimi dəyərləndirilir. Müəllimlər cəmiyyətin tərəqqisində, mənəvi inkişafında, elmi  və texnoloji irəliləyişlərin təməlində duran ən əsas sütunlardan biridir. Müəllimlik peşəsi qədimdən bəri ən şərəfli və məsuliyyətli fəaliyyət sahələrindən biri kimi qəbul olunur. Çünki bu peşəni seçən insanlar təkcə bilik ötürmür, həm də şəxsiyyət formalaşdırır, gənc nəslin vətəndaşlıq mövqeyini, dünyagörüşünü, həyat dəyərlərini müəyyənləşdirən əsas amillərdən birinə çevrilir.

Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.

Elm və təhsilin inkişafına daim diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev demişdir: “Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər hər bir cəmiyyətin elitasıdır”.

Azərbaycanda təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər müəllim nüfuzunu daha da yüksəldib.

Respublikamızın digər regionlarında da məktəb tikintisi və təmiri həyata keçirilir. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.

Dördüncü ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. 2024-2025-ci tədris ilində müəllimlərimiz Şuşa, Xankəndi və Xocalı şəhərlərinin ümumtəhsil müəssisələrində tədrisə başlayıblar.

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Ölkəmizdə təhsil müəssisələrinin yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir.

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Gəncə Dövlət Universitetinin əməkdaşlarını səmimi qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli pedaqoji fəaliyyətlərində yeni-yeni nailiyyətlər diləyirik!

REKTORLUQ