“NARKOMANİYA BƏŞƏRİYYƏTİN FACİƏSİDİR” ADLI TƏDBİR
19 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin əsas tədris binasının iclas zalında keçirilən “Narkomaniya bəşəriyyətin vaciəsidir” adlı tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, Gəncə şəhər 6 saylı poliklinikanın şöbə müdiri Tükazban Nuriyeva, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə, universitetin müəllim və tələbə heyəti iştirak etmişlər.
Dosent Gülsüm Fətəliyeva gələn tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanları xüsusi olaraq qeyd etdi. Narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğuladı.
Professor Vaqif Novruzov qeyd etdi ki, narkomafiya tərəfindən istehsal edilən, tərkibində psixoaktiv maddələrin olduğu preparatların növləri artıb. Dünyada kokain və marixuana asılılığının azalması fonunda yeni növ narkotiklərin istifadəsi artıb.Professor bildirdi ki,əsas təhlükəni psixoaktiv maddələr və tərkibində amfetamin olan preparatlar təşkil edir.
Gəncə şəhər 6 saylı poliklinikanın şöbə müdiri Tükazban Nuriyeva tələbələri norkotikdən uzaq olmağa səslədi. Bildirdi ki, Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata, siyasi proseslərə qarşı laqeydlik yaradır.Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlarda beyin və mərkəzi sinir sistemində, həzm sistemində, qaraciyər, böyrək, göz, tənəffüs sistemində, qanda dəhşətli xəstəliklər yaranır, ümumiyyətlə bütün bədən məhv olur.
Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə çıxışında qeyd etdi ki, insanın inkişafı deyərkən 3 mühüm amil- irsiyyət,tərbiyə və yaşadığı mühitin rolu nəzərdə tutulur.Çox hallarda mühit tərbiyəsi aşağı səviyyədə olan fərdləri saflaşdıra, yaxud pak fərdləri əxlaqsızlığa uğrada bilər. Əlbəttə, bunu da yaddan çıxarmayaq ki, insanın əxlaqının düzgün formalaşmasında bu üç amildən sonra insanın öz iradəsi və istəyi az əhəmiyyət daşımır.
Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi Çinarə Hümbətova və Filalogiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının II kurs tələbəsi Şəhla Qəribova çıxışlarında bildirdilər ki, gələcək biz gənclərin əlindədir. Sağlam gənclik, sağlam gələcək deməkdir.