Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
20 Noyabr – Ağdam Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 Noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur.
2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliyi nəticəsində otuz ilə yaxın düşmən işğalı altında olan torpaqlarımız 44 gün ərzində azad edildi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi.
II Qarabağ müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.
İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.
Azad edilən Ağdamda dərhal böyük tikinti və quruculuq işlərinə başlanılıb. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləmə işləri aparılmaqla yanaşı, şəhərin sosial xəritəsi tamamilə yeni və müasir şəkildə qurulmağa başlanılıb. Ötən dörd ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanıb və təsdiqlənib. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub. Bununla yanaşı, ötən iki il ərzində “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəfər və İşğal muzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksi bərpa olunub. Həmçinin Ağdamda tamaşaçı tutumu 15 min nəfər olan və şəhərin geniş infrastruktura malik guşəsində yeni stadion inşa edilir. Bundan başqa, dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur.
Ağdamda keçmiş məcburi köçkünlərin tezliklə öz ata-baba yurdlarına qayıtması üçün ölkəmizin bütün potensialı səfərbər olunub. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri icra olunur. İndi yenidən qurulmaqda olan şəhər onun üçün qəribsəyən və geri dönmək üçün darıxan doğma sakinlərinin yolunu gözləyir. Tikinti-quruculuq işləri isə bir an da ara vermir, yeni sosial obyektlər, yeni abad küçə və prospektlər salınır, yeni ünvanlar, binalar və mənzillər tikilir. Yeni salınan kəndlər, ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək şəhərdə aparılan quruculuq işləri deməyə əsas verir ki, Ağdamın öz sakinlərini qoynuna alacağı və çal-çağırlı günləri uzaqda deyil.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti