Özünü təsdiq edən insan

DSC_0456

 

Gecə yarıdan keçmişdi. Küdrü düzündə yerləşən, çiy kərpicdən tikilmiş sadə kənd evlərinin birinin pəncərəsindən el arasında «qara çıraq» adlanan hisli neft lampasının zəif işığı ətrafa süzülürdü. 12-13 yaşlı oğlan evin bir küncünə sıxılaraq dizi üstünə qoyduğu saralmış kağız parçasında nəsə yazır, arabir gözünü evin qarğı döşənmiş tavanına zilləyərək xeyli fikirləşir və sonra yenə də yazırdı.
Əliqulu həll etdiyi misalların düzgünlüyünə əmin olunca kitab-dəftərini örtüb «Indi yata bilərəm», – deyərək yatağına girərdi. O, yatağına girəndən sonra da hələ xeyli yuxuya gedə bilmədi. Gözünün önünə məktəbin direktoru Inşallah Qurbanovun nurani sifəti gəldi, başında onun zərif barmaqlarının sığalını duydu. Müəlliminin onun acınacaqlı həyatı haqqında söylədiyi fikirləri xatırlaya-xatırlaya yuxuya getdi…
Haqqında sizlərə söhbət açacağımız Əliqulu Umud oğlu Quliyev 1939-cu ildə Imişli rayonunun Sərxanlı kəndində yoxsul kəndli ailəsində dünyaya göz açmış, hələ qırxlı olanda atasını itirmiş, anası və ən kiçiyi özündən bir yaş böyük olan üç bacısı ilə bərabər yetimlik həyatının acıları ilə üzləşmişdi. Imişlinin sərt qışını, yandırıcı yayını qonşuların qarğı-qamışdan qurduqları kasıb komada pencər, ən yaxşı hallarda jmıx yeməklə keçinərək yaşadı. Əliqulu 7 yaşında ana məhəbbətindən də məhrum oldu.
1947-ci ildə I sinfə gedən Əliqulunu məktəbə yola salan, özləri də hələ uşaq yaşlarında olan bacılar kolxoz işinə getdilər.
Köçəri həyat tərzi keçirən sərxanlılar üçün Küdrü düzündə yenicə kənd salınmış, ibtidai məktəb tikilmişdi. Əliqulu da bu məktəbin ilk şagirdlərindən biri oldu.
Yarıac, yarıtox, ayaqyalın, başıaçıq yaşayan Əliqulu məktəbə böyük həvəslə gedir, müəllimlərinin tapşırıqlarını səylə yerinə yetirir, ən yaxşı şagird kimi nümunə göstərilirdi.
Əliqulu orta məktəbi yüksək qiymətlərlə başa çatdırıb kamal attestatı aldı, lakin imkansızlıqdan institutlara sənəd verə bilmədi, 2 il kənd sovetliyinin kitabxanasında işlədi. Kitabxanada işlərkən o, məktəb dərsliklərini bir də gözdən keçirməklə yanaşı, bədii kitab oxumağa da xeyli vaxt qazanmışdı. M.S.Ordubadinin «Qılınc və qələm»ini, «Dumanlı Təbriz»ini, Əli Vəliyev, Süleyman Rəhimov və başqalarının əsərlərini oxudu. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.Vurğun yaradıcılığına heyran oldu. Inşallah müəllimin ona «Bizim balaca Maksimimiz» – deyib bənzətdiyi M.Qorkinin «Özgə qapılarında» əsərini bir də oxudu. Bir çox rus klassiklərinin yaradıcılığına yaxından bələd oldu.
1959-cu ildə ali təhsil almaq üçün Gəncəyə gələn Əliqulu Quliyevin fikri qəti idi: Riyaziyyat müəllimi olacaqdı. Məktəblərində ali təhsilli riyaziyyat müəllimi yox idi.
1964-cü ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji Institutunun (indiki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirən və yenicə ailə həyatı qurmuş Əliqulu müəllim təyinatla Yevlax rayonuna gəldi. Respublikada qabaqcıl təcrübəsi ilə məşhur olan Xaldan məktəbində işləməyə başladı.
Hələ tələbəlik illərində elmə xüsusi marağı ilə seçilən, müəllimlərinin sevimlisi olan Əliqulu Quliyevi orta məktəbdə işlərkən də elmə olan həvəsi onu rahat buraxmadı, yeni zirvələr fəth etməyə səslədi. Orta məktəbdə işləyə-işləyə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika Institutunun aspiranturasına qəbul olundu. Bir il sonra müsabiqə ilə məzunu olduğu Gəncə Dövlət Universitetinin həndəsə və elementar riyaziyyat kafedrasına müəllim təyin edildi.
***
Artıq beşinci il idi ki, ulu öndər Heydər Əliyev Respublikada hakimiyyət başına gəlmişdi. Böyük düha sahibi olan Heydər Əliyev ölkənin gələcəyinə yönəlmiş siyasətində elmin, incəsənətin inkişafına böyük önəm verirdi. Belə bir şəraitdə ali məktəbdə elmi axtarışlar aparmaq üçün daha çox imkan əldə edən Əliqulu Quliyev 1974-cü ildə «Məxsusiyyəti olan polinominal əmsallı adi diferensial tənliklərin ümumiləşmiş funksiyalar fazasında həlli» mövzusunda dissertasiya müdafiə etdi. Onun tədqiqat işini akademiklər Q.Şilov, C.Allahverdiyev, F.Maksudov və başqaları yüksək qiymətləndirdilər.
***
Bu gün 50 ilə yaxındır ki, Əliqulu Quliyev Gəncə Dövlət Universitetində tələbələrin təhsili, tərbiyəsi, onların həyata hazırlanması, yüksək səviyyəli mütəxəssis kimi yetişməsi sahəsində yorulmaq bilmədən uğurlu fəaliyyət göstərir. Ömrünün müdriklik dövrünü yaşayan, yaşının 75 olmasına baxmayaraq, yenə də gənclik həvəsi, gənclik enerjisi ilə çalışır. Öz peşəkarlığı, tələbkarlığı, qayğıkeşliyi ilə təkcə çalışdığı fakültədə yox, bütün universitetdə professor-müəllim və tələbə kollektivinin dərin hörmət və rəğbətini qazanmışdır. Məhz buna görə də on il riyazi analiz kafedrasına, beş il Riyaziyyat-informatika fakültəsinə rəhbərlik etmişdir.
Kafedraya rəhbərliyi dövründə işçilər arasında əmək və tədris intizamı möhkəmlənmiş, müəllim heyətinin tərkibinin keyfiyyətcə yaxşılaşdırılması daim diqqət mərkəzində olmuş, gənc müəllimlərlə iş günün tələbləri səviyyəsində qurulmuş, «Açıq dərs»lərin təşkilinə, qabaqcıl təcrübənin yayılmasına, xüsusi fikir verilmişdir. Kafedra əməkdaşları tərəfindən dərsliklərin, dərs vəsaitlərinin, metodiki vəsaitlərin, fənn proqramlarının hazırlanması ön planda olmuşdur. Bu dövrdə Əliqulu müəllimin pedaqoji ustalığı, səriştəliliyi, elmi potensialı ilə yanaşı, onun təşkilatçılıq bacarığı və rəhbərlik qabiliyyəti də üzə çıxmışdır.
Idarə etdiyi kafedra öz yüksək keyfiyyətləri ilə həmişə ön sıralarda olmuşdur. Bunun nəticəsi idi ki, 2006-cı ildə o, fakültə kollektivinin istəyi ilə riyaziyyat-informatika fakültəsinə dekan seçilmişdir.
Dekan seçildikdən sonra Əliqulu müəllimin fəaliyyət dairəsi daha da genişlənmiş və o, bu vəzifənin öhdəsindən bacarıqla gəlmişdir. Bu dövrdə o, fakültənin pedaqoji və elmi potensiala malik müəllimlərinin bütün səylərini, bilik və bacarıqlarını tələbələrin təlim və tərbiyəsinin daha da yaxşılaşdırılmasına yönəltməyə müvəffəq olmuşdur. Fakültədə tədrisin keyfiyyətinin yüksəldilməsinə, kredit sistemi ilə tədrisin səmərəliliyinin artmasına xüsusi əhəmiyyət verilməyə başlandı. Imtahan sessiyalarının nəticələrinə görə fakültə həmişə öndə oldu. Italiyanın Tuşşiya, Bolqarıstanın Rousse, Latviyanın Rezekne universitetləri ilə əməkdaşlıq əlaqələri yaradıldı. Xarici universitetlərlə əlaqələr həmin universitetlərdə müəllimlərin təcrübə mübadiləsi aparmasına, xarici vətəndaşların universitetimizdə, eləcə də tələbələrimizin xaricdə təhsil almalarına şərait yaratdı. Fakültədə tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması və nailiyyətlərinin qiymətləndirilməsi onların elmə daha böyük maraq göstərməsinə təkan verdi.
Bu sahədə müəllimlərə də tələbkarlıq artırıldı, fakültədə elmi konfransların elmi seminarların keçirilməsi ənənə halını aldı. Hər il müəllim və tələbələrin elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş elmi konfranslar keçirildi.
2007-ci il noyabrın 29-30-da keçirilən «Informasiya-kommunikasiya texnologiyaları və elektron təhsilin aktual problemləri. Elektron idarəetmə», 2008-ci ildə universitetin 70 illik yubileyinə həsr edilmiş «Riyazi nəzəriyyələr, onların tətbiqi və tədrisi sahəsində olan problemlər» adlı beynəlxalq konfranslar fakültənin nüfuzunu qat-qat artırdı. Kafedralarda elmi seminarların keçirilməsinə xüsusi önəm verildi. «Optimallaşdırma üsulları», «Xüsusi törəməli diferensial tənliklər və onların tətbiqi» və sair mövzuda keçirilən elm seminarlar müəllim və tələbələrin böyük marağına səbəb olmuşdu.
Əliqulu müəllimin təşəbbüsü ilə fakültənin ayrıca kitabxanası, saytı və elektron poçtu yaradılmış, fakültənin tədris göstəriciləri və gündəlik həyatı haqqında informasiyalar müntəzəm olaraq orada öz əksini tapmışdır.
Görülən işlərdə o, fakültə əməkdaşlarının gücündən səmərəli istifadə edirdi.
Əliqulu müəllim pedaqoji və təşkilatçılıq fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat sahəsində də böyük uğurlar qazanmışdır. Onun indiyə qədər 100-ə yaxın elmi məqaləsi ölkəmizdə və xaricdə elmi məcmuələrdə nəşr olunmuşdur. «Riyazi məntiq və alqoritmlər nəzəriyyəsi», «Bul cəbri və alqoritmlər nəzəriyyəsi», «Riyaziyyat tarixi», «Riyaziyyat tarixindən oçerklər», «Riyaziyyatdan məsələ və misallar (həlli ilə)», «Riyazi məntiq. Çoxluqlar nəzəriyyəsinin aksiomatik qurulması» adlı dərs vəsaitləri; iki hissəli «Cəbr və ədədlər nəzəriyyəsindən metodiki göstəriş» adlı əsərləri müəllim və tələbələrin stolüstü kitablarına çevrilmişdir.
Əliqulu Quliyevin səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri həmişə universitet rəhbərliyinin, Təhsil Nazirliyinin diqqət mərkəzində olmuş, dəfələrlə təşəkkürlərə, fəxri fərmanlara layiq görülmüşdür.
Müxtəlif illərdə universitet rəhbərliyinin, 2004-cü ildə Respublika Təhsil Nazirliyinin, 2013-cü ildə Azərbaycan Təhsil Işçiləri Azad Həmkarlar Ittifaqı Respublika Komitəsinin Fəxri Fərmanını almış, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə «Tərəqqi» medalı ilə təltif edilmişdir.
Uzun müddət Universitet Elmi Şurasının üzvü, 2008-ci ildə Azərbaycan Müəllimlərinin XIII qurultayının nümayəndəsi olmuşdur.
Bütün bu nailiyyətlərinə və uğurlarına görə 2013-cü ildə Universitet Elmi Şurasının qərarı ilə Universitetin Fəxri professoru seçilmişdir. Bu adı özünün çoxillik əməyinə verilən ən böyük qiymət hesab edən Əliqulu müəllim bu gün də elmi-pedaqoji fəaliyyətini davam etdirir. Gənc müəllim və mütəxəssislərin yetişməsində əzmlə çalışır. Universitetin bütün ictimai işlərində yaxından fəallıq göstərir. O, universitet üzrə «Dekan və kafedra müdirlərinin seçkilərinin təşkili» və «Intizam» komissiyalarının üzvü, «Tədrisə nəzarət» və «Etika» komissiyalarının sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Gözəl ailə başçısıdır. Yeri gəlmişkən, onu da deyək ki, Əliqulu müəllim həyatda qazandığı uğurlarda ona mənəvi dayaq olan həyat yoldaşına və onun yaşayıb təhsil almasına şərait yaradan bacılarına minnətdar olduğunu deyir.
Əliqulu müəllimin yetirmələri arasında özü ilə çiyin-çiyinə çalışan eyni zamanda ölkənin müxtəlif bölgələrində, Bakı şəhərində fəaliyyət göstərən elmlər və fəlsəfə doktorları, baş müəllimlər, orta məktəblərdə çalışan əməkdar müəllimlər, “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüş, dövlət təltifləri ilə mükafatlandırılmış müəllimlər vardır. Onlar Əliqulu müəllimin yüksək insani keyfiyyətlərindən, elmi-pedaqoji fəaliyyətindən ürək dolusu danışırlar.
Əliqulu müəllim Azərbaycan təhsil işçilərinin uğurlarından həmişə fəxrlə, fərəhlə danışır: «Azərbaycan təhsil sisteminin Avropa məkanına inteqrasiyası üçün çox işlər görülməlidir. Boloniya təhsil prosesinin üstünlüklərindən bəhrələnməklə yanaşı, on illərlə Azərbaycan təhsilində qazanılmış uğurları da qoruyub saxlamaq lazımdır», – deyir.
Bunun üçün digər sahələrdə olduğu kimi, təhsildə də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu islahatlar davam etdirilir, təhsilin infrostrukturunun yaranmasında və möhkəmlənməsində, maddi-texniki bazanın formalaşmasında, bütövlükdə milli təhsil sisteminin qurulmasında çox önəmli addım atılır. Xüsusilə son illər ölkə başçısı cənab Ilham Əliyevin diqqət və qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə bu sahədə köklü islahatlar aparılır, təhsilin məzmununa və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşmə prosesləri gedir, – deyən Əliqulu müəllim Təhsil Nazirliyində aparılan yeniləşməyə, nazirliyin yeni gənc qüvvələrlə möhkəmləndirilməsinə xüsusi önəm verir. Xüsusilə təhsil naziri cənab Mikayıl Cabbarovun atdığı inamlı addımlar – Ail təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, gənclərin təhsilinə xüsusi əhəmiyyət verilməsi, şəxsən nazirin təşəbbüsü ilə yaradılan «Sabah» qurplarının yeni təhsil ilindən ali təhsil müəssisələrində fəaliyyətə başlaması, 2014/2015-ci tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsində məzunun bilik, bacarıq və vərdişlərinə qoyulan kompitensiyaları özündə əks etdirən ixtisaslar üzrə yeni nəsil təhsil proqramlarının həyata keçirilməsi, müəllim hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarına 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllim ixtisasını qeyd edən tələbələr üçün 100 manat məbləğində Təhsil Nazirliyinin məqsədli aylıq “Gələcəyin müəllimi” təqaüdünün təsis edilməsi, təhsil Nazirinin əmri ilə təsdiq edilmiş “Müəllimin etik davranış qaydalar”nın tətbiq olunması onu fərəhləndirir, təhsilin gələcəyinə onda böyük inam yaradır: “Mən təhsilimizin gələcəyinə özüm qədər inanıram, çünki hörmətli təhsil nazirimizin az müddətdə təhsil sahəsində yeritdiyi siyasət, həyata heçirdiyi islahatlar, gördüyü dəyərli tədbirlər təhsilin sabahından, uğurlu gələcəyindən xəbır verir.”
Əliqulu müəllim gəncləri daim oxuyub-öyrənməyə, çoxlu mütaliə etməyə çağırır. «Mütaliə gənclərin dünyagörüşünü, yaradıcılıq qabiliyyətini inkişaf etdirir», – deyən Əliqulu müəllim onların yalnız kompyuter texnikası ilə kifayətlənməsini düzgün hesab etmir.
Bu günlərdə Əliqulu müəllimin 75 yaşı tamam olur. Ötən illərdə saç ağartmış Əliqulu müəllim cəmiyyətdə, işlədiyi kollektivdə, həm də ailədə özünü təsdiq etmiş bir şəxsiyyətdir. Böyük hörmət və nüfuza malik olan, ömrünün müdriklik çağını yaşayan Əliqulu müəllimi yubileyi münasibətilə təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq.
Zakir ƏLƏSGƏROV,
Firəngiz IDRISQIZI,
Gəncə Dövlət Universitetinin
əməkdaşları