“Qərbi Azərbaycan müasir beynəlxalq münasibətlərdə: reallıqlar və perspektivlər” adlı konfrans keçirilib

Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasında  “Qərbi Azərbaycan müasir beynəlxalq münasibətlərdə: reallıqlar və perspektivlər” adlı konfrans keçirilib.

   Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

       Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Azərbaycan torpaqlarında Ermənistanın uzun illər ərzində həyata keçirdiyi etnik təmizləmə, soyqırım və deportasiya siyasəti barədə danışıb. Qeyd edib ki, XX əsrdə mərhələlərlə davam etmiş ermənilərin deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvi ilə də nəticələnib, abidələrimiz dağıdılıb, qədim Azərbaycan toponimləri saxta və uydurma adlarla əvəzlənib. O da diqqətə çatdırılıb ki,  1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoymuşdur.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində 44 Günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun düşmən üzərindəki möhtəşəm Qələbələri, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və ölkə başçısının Xankəndi və digər ərazilərimizdə bayrağımızı ucaltması dövlətimizin gücünü və xalqımızın məğrurluğunu bütün dünyaya  bir daha nümayiş etdirdi. Düşmən üzərindəki davamlı qələbələrimiz vaxtı ilə öz əzəli yurdlarından didərgin  düşən bütün Qərbi azərbaycanlıların doğma ellərinə qayıdışına inamını daha da artırdı.

Tarix və coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev, Azərbaycan tarixi kafedrasının müdiri Gülara Əliyeva çıxışlarında tarixə nəzər salaraq Ermənistanın Qərbi Azərbaycanda həyata keçirdiyi deportasiya siyasətindən və  Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində görülən işlərdən ətraflı danışıblar.

 Daha sonra Ümumi tarix kafedrasının əməkdaşları Aynur Əmrahlı “Qərbi Azərbaycanda Deportasiya Anlayışı və Benəlxalq Hüquqda Etnik təmizləmə”, Ülviyyə Muxtarlı “Türkiyə- Azərbaycan strateji ittifaqı və Qərbi Azərbaycan məsələsində ortaq mövqe”, Türkan Əlizadə “Qərbi Azərbaycan toponimlərinin dəyişdirilməsi:mədəni soyqırımın göstəricisi”, Aydan İsmayılova “Deportasya travması və kollektiv yaddaş, Qərbi Azərbaycanlıların sosial pisxologiyası”, Mehriban Muxtarova “Zəngəzur dəhlizi və Qərbi Azərbaycan məsələsi: iqtisadi və geosiyasi baxış”və Nərminə Eyyubova “İnsan huquqlarI ve ədalət : Qərbi Azərbaycan konteksində beynalxalq təcrübə” adlı məruzə ilə çıxış ediblər.