“Qərbi Azərbaycana Böyük Qayıdış Konsepsiyası” adlı növbəti tədbir keçirilib

                           Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində “Qərbi Azərbaycana Böyük Qayıdış Konsepsiyası” adlı tədbir keçirilib.

          Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

      Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, GDU-nun professoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi Mübariz Yusifov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nümayəndəsi Maarif Quliyev, Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, fakültə əməkdaşları və tələbələr iştirak ediblər.

          Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin fəalliyyəti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycana Qayı­dış Konsepsiyası barədə ətraflı danışıb.  Bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ictimaiyyətdə böyük inam yaratdı ki, vaxtilə Qarabağdan məcburi köçkün düşən insanlar dədə-baba yurdlarına qayıtdıqları kimi, Qərbi Azərbaycandan olan soydaşlarımız da öz doğma torpaqlarına dönəcəklər.

           GDU-nun professoru, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi Mübariz Yusifov Qərbi Azərbaycandan vaxtı ilə ermənilər tərəfindən deportasiya edilmiş azərbaycanlıların qayıdış hüququ məsələsində göstərdiyi prinsipial və ardıcıl yanaşmaya və Qərbi Azərbaycan İcmasının fəaliyyətinə verdiyi qiymətli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. 

     Tədbirin davamında müəllim və tələbələrin mövzu ətrafında çıxışları dinlənilib.

     Daha sonra vətənpərvərliyə aid şeirlər səsləndirilib və kompozisiyalar nümayiş etdirilib. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

http://www.kepeztv.az/news/id/54937