QADINLAR HƏYATIN MƏNASI, BƏZƏYİ VƏ ƏBƏDİ GÖZƏLLİYİDİR

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

            Bu fikirlər Gəncə Dövlət Universitetində 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə keçirilən tədbirdə səsləndirilib.

            Universitetin rektoru, professor Yusif Yusibov qeyd edib ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

            Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

            Bildirilib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

            Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.

            Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva çıxışında vurğulayıb ki, bayram siyahımıza daha özəl gün olaraq mart ayının 7-i də əlavə olunub. Belə ki, həmin gün universitet rektoru professor Yusif Yusibovun bu vəzifəyə təyin olunmasının beş ili tamam olur. Bu gün münasibəti ilə prorektor rektor professor Yusif Yusibovu  özünün və universitet əməkldaşlarının adından təbrik edərək, gələcək işlərində uğurlar arzulayıb.

            Tədbirdə çıxış edən Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova qeyd edib ki, universitetdə çalışan 1125 professor-müəllim heyətindən 829-u qadındır. O, qadınlara göstərilən diqqət, qayğıya görə universitetin rəhbəri Yusif Yusibova özünün və  qadın əməkdaşlarının adından dərin təşəkkürünü bildirib.

            8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə rektor, professor Yusif Yusibovun 04.03.2019-cu il tarixli 2/38 saylı əmrinə əsasən 11 nəfər əməkdaşı “Fəxri fərman”la,  21 nəfər  əməkdaşı isə “Təşəkkür”lə təltif olunublar. Azad Həmkarlar İttifaqının sədri Afaq Qasımovanın təqdimatı əsasında  29 nəfər əməkdaş isə mükafatlandırılıb.

            Bayram tədbiri tələbələrin hazırladığı konsert proqramı ilə  sona çatıb.