Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi ekosistemin qorunmasına böyük töhfə verəcək
Azərbaycan etibarlı və vacib “yaşıl enerji” təminatçısı olmaq yolunda daha bir böyük layihəni işə saldı. Oktyabrın 26-da regionda ən böyük günəş elektrik stansiyası olan və 230 MVt gücə malik Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi.
Abşeron yarımadasının boş hissəsinin yaşıl enerji mənbəyinə çevrilməsi əlamətdar nailiyyətdir.
Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlığımız və dostluğumuz artım dinamika ilə inkişaf edir. Qaradağ Günəş Elektrik Stansiyası regionda ən böyük günəş elektrik stansiyasıdır və bu, sadəcə, əməkdaşlığın başlanğıcdır.
Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Daha çox layihələr olacaq. 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir.
Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırılır.
Milli neft şirkətlərimiz, enerji şirkətlərimiz ADNOC və SOCAR artıq Azərbaycanda rəsmi olaraq tərəfdaş olublar. Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləmək üçün planlar var.
Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür.
Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Ölkəmizin neft və qazına hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq.
Növbəti illərdə Azərbaycan hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcək.
Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensial fəal şəkildə inkişaf etdirilib. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti