Regionların inkişafı daim dövlət siyasətinin mərkəzindədir
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrası yerində yoxlanılır. Son illər ərzində Azərbaycan Prezidentinin bölgələrə yüzlərlə səfəri olmuşdur. Səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcmini göstərir. Eyni zamanda, bu onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir. Xüsusiləsağlam həyat tərzinə və idmanın inkişafına Azərbaycanda xüsusi diqqət yetirilir. Goranboy rayonunda istifadəyə verilən kompleksi nəzərə almaqla Azərbaycanda 48 idman kompleksi fəaliyyət göstərir. Rayonlarımızın əksəriyyətində ən müasir idman qurğuları var.
Naftalanda yeni sanatoriyanın açılması şəhərin turizm potensialını artırır. Mövcud sahəyə böyük investisiyalar cəlb olunub və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Burada bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır. Azərbaycan vətəndaşları ilə yanaşı, xarici qonaqlar da bundan istifadə etməlidir. Sovet vaxtında Naftalana Sovet İttifaqının müxtəlif yerlərindən ildə 50-60 min turist gəlirdi. Təqribən son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilibdir və bu proses davam edir. Bu zona vahid bir turizm məkanı olacaq. Naftalana gələn qonaqların ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər. Bu mənada işğaldan azad olunmuş Suqovuşan qəsəbəsi də çox mənzərəli bir yerdir.
Xüsusilə kənd təsərrüfatının inkişafına xüsusi önəm verilir. Şəmkir su kanalı çəkilibdir, uzunluğu təqribən 30 kilometrə yaxındır. Bu kanal artıq 30 min hektardan çox torpağa suyun verilməsini yaxşılaşdırır və bunun kənd təsərrüfatının inkişafına böyük köməyi olubdur.
Ümumiyyətlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə icra edilir. Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında digər layihələr də icra edilib. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf edir və işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır.
Altı ayın inkişafı onu göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxır. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, ölkə iqtisadiyyatı 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq.
Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Kənd təsərrüfatı 5,6 faiz artıb. Bu da əhəmiyyətli artımdır. Keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi – təqribən 3 faiz, 3,5 faiz, indi isə 5,6 faizdir. Bu da görülmüş işlərin, islahatların nəticəsidir. Fermerlər də bunu görür və bu sahəyə daim dövlət dəstəyi olacaq. Çünki dövlət dəstəyi olmadan kənd təsərrüfatı istənilən qədər inkişaf edə bilməz.
Qeyd edilməlidir ki, Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi önəmli hadisədir. Qeyri-neft sektorunun inkişafı üçün dağ-mədən sənayesi xüsusi perspektivlərə malikdir. Dağ-mədən sənayesi qeyri-neft sektorunda aparıcı sahəyə çevrilir. Təkcə qızıl yox, digər qiymətli metalların hasilatı Azərbaycanda bundan sonra daha geniş miqyasda öz həllini tapacaq. Bundan başqa Daşkəsənın ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bir müddət əvvəl bu sahə ilə bağlı xüsusi proqram tərtib edilmişdir, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq. Bu sahənin inkişafı nəticəsində idxaldan asılılıq kəskin şəkildə azalacaq, Azərbaycan daha böyük dəyərə malik olan dəyər zəncirini yaratmış olacaq və eyni zamanda, ixrac imkanları da yaranacaq.
Onu da demək lazımdır ki, Azərbaycanın mədənləri qanunsuz istismar edilib.Uzun illər xarici şirkətlər qanunsuz olaraq Azərbaycanın qızıl və digər mədənlərini istismar ediblər. Bu, cinayətdir və bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Azərbaycanın həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarının bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Azərbaycan dövlətinə vurulmuş ziyan ödənilməlidir.
Məlum olduğu kimi valyuta ehtiyatlarının artımı çox vacib məsələdir. İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır – 4,3 faizdır. Valyuta ehtiyatlarımız artıb. Altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb. Amma bu artım daha da böyük olacaqdı. Çünki bizim ehtiyatlarımızın bir hissəsi müxtəlif valyutalardadır, o cümlədən avro və dollar əksəriyyəti təşkil edir. Bu məzənnədə olan dəyişiklik bizim mütləq rəqəmlərə təsir göstərdi. Əgər bu dəyişiklik olmasaydı və əgər qızılın qiyməti düşməsəydi, çünki bizim kifayət qədər böyük ehtiyatımız qızıldadır, bu artım 1,7 milyard dollar olacaqdı. Yəni, biz real bu qədər əlavə pul qazanmışıq və məzənnə fərqi, deməli, qızılın qiyməti müvəqqəti olaraq buna təsir göstərir.
Ölkə başçısının dediyi kimi, lazım olmayan layihələrə investisiya edilməyəcəkdir.Azərbaycan lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə investisiya etməyəcəkdir. Biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik.
Prezident İlham Əliyev Daşkəsəndə AzTV-yə verdiyi müsahibdə qeyd etmişdir ki, ixrac 15 faiz artıb. Bu çox yaxşı göstəricidir və qeyri-neft ixracı 27 faizdən çox artıb. Bu, bizim planlarımızın real nəticəsidir. Çünki təkcə neft-qaz hesabına valyuta qazanmamalıyıq, qeyri-neft sektoru hesabına valyuta qazanmalıyıq, ölkəyə gətirməliyik, 27 faiz artım böyük rəqəmdir.
Hazırda işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə başlanılmışdır. Azad edilmiş ərazilərdə ilin sonunadək bütün elektrik təsərrüfatı qurulacaq.Bu ilin sonuna qədər həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar və elektrik stansiyaları qurulacaqdır. Ermənilərin Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyası bərpa olunacaq. Bundan sonra yaşıl enerji layihəsi icra ediləcək. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılıq əldə olunub. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır.
Məlum olduğu kimi enerji sahəsindən başqa ikinci sahə yol infrastrukturudur. Yollarla bağlı 8 ay ərzində böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Dərədən, dağlardan, meşələrdən keçən o yol gərək açılaydı, torpaq yol çəkiləydi, ondan sonra asfalt yol. Heç vaxt olmayan Zəfər yolunu biz cəmi 8-9 ayda inşa edəcəyik. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları – bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə olunmayıb. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək. Eyni zamanda, biz Göygölü də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlamış oluruq. Digər yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Çünki orada yol olmayıb, sərhədə gedən istiqamətdə yol olmayıb. Orada qar may ayında əriyib. İndi qış gələnə qədər – qış da oktyabr ayında gələcək, oktyabr ayına qədər biz orada nə qədər yol çəkməliyik və bunu edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox da işıqlandırılmır. Təbiidir, amma strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri siyasi əlaqələrin inkişafına xidmət göstərən bir səfərdir. Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Avropa İttifaqının rəhbərləri Azərbaycana çoxsaylı səfərlər etmişlər. İki il bundan əvvəl Avropa İttifaqı Şurasının sədri cənab Donald Tusk Azərbaycanda səfərdə idi. İki ildən sonra cənab Şarl Mişel – yeni sədr regional səfər çərçivəsində Azərbaycana səfər edir. Bu onu göstərir ki, biz əməkdaşlıq üçün çox gözəl zəmin yaratdıq. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır. Əgər ilkin mərhələdə daha çox enerji məsələləri gündəlikdə idisə, bu gün biz bunları həll etmişik. Cənub Qaz Dəhlizini həll etmişik, Azərbaycanın təşəbbüsü ilə inşa etmişik. Avropa İttifaqı da burada öz müsbət rolunu oynamışdır. Çünki Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının sədri Azərbaycan və Avropa İttifaqıdır. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir.
Məlum olduğu kimi Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ilin iyulun 7-də süni qurum kimi yaradılmışdı. O vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Amma bu, tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra – 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini Qanuni şəkildə ləğv edib.
Bu, süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi – Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi. Tarix hər şeyi yerinə qoyub. Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Dəqiq bilirik orada maksimum 25 min adam yaşayır. 25 min insan üçün status yaratmaq heç bir məntiqə sığmır.
Müharibədən cəmi 8 ay keçib, amma nə qədər böyük işlər görülür. Ancaq daha çox iş görə bilərdik. Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib.
Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur.
Məlum olduğu kimi Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayrıldığı halda, Azərbaycana heç bir vəsait ayrılmamışdır ki, bu da növbəti beynəlxalq ədalətsizliyin təzahürüdür. Bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər. Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir. 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana.
Bütün sahələrdə olduğu kimi postmüharibə dövrü ilə bağlı da konseptual yanaşmamız var. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, çox qeyri-müəyyən bir dövr idi, çünki kim bilə bilərdi ki, proseslər necə inkişaf edəcək. Çünki müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, bizi əsassız ittiham edirdilər, bizi hədələyirdilər, sanksiyalarla hədələyirdilər, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bütün bunlar anti-Azərbaycan ssenarisinin tərkib hissəsidir və biz bunu da unutmamışıq. Postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik. Əlbəttə, qonşu ölkələrlə daim təmasda olmaq şərti ilə və onların narahatlığını nəzərə almaq şərti ilə.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti