“Regionun incisi, təbiətin səsi” adlı elmi konfrans
Gəncə Dövlət Universitetində Ekoklubun yaradılmasının bir illiyinə həsr edilmiş “Regionun incisi, təbiətin səsi” adlı konfrans keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Lider Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva GDU Ekoklubun fəaliyyətindən bəhs edib. Diqqətə çatdırıb ki, Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə yaradılan, könüllü tələbələrin üzv olduğu Ekoklubun fəaliyyəti əsasən ətraf mühitin qorunması, ekoloji maarifləndirmə və davamlı inkişaf ideyalarının təşviqi istiqamətində qurulur.
Konfransda Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyev ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, yaşıllıqların bərpası və artırılması, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma prosesində “ağıllı şəhər” və “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilməsindən danışıb.
Daha sonra Botanika kafedrasının müdiri Vaqif Novruzov “Bitki biologiyası və təbii floranın qorunması layihələri”, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova “Ölkəmizin inkişafında ekoloji layihələrin əhəmiyyəti”, Kimya kafedrasının müdiri Aynur Məmmədova “Laboratoriya təcrübələri və ekoloji maarifləndirmə”, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədova “Fauna və ekologiya”, Kimya və biologiya falültəsinin tələbələri, GDU Ekoklubun sədri Mirfəqan Hacıyev və Zəhra İsgəndərova “EKOKLUB-Başdan sona uğur və nəaliyyətləri”, ADAU-nun Ekologiya və Meşəçilik kafedrasının müdiri Nizami Seyidalıyev “Kənd təsərrüffatında kimyalaşmanın ekoloji məsələləri” və başqaları məruzələrlə çıxış ediblər.
Elmi konfrans qarşılıqlı fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi ilə başa çatıb.









