REKTORUN UĞUR QAZANMIŞ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ
Almaniyanın Augsburg Universitetinin təşkil etdiyi Strateji planlaşdırma və strateji marketinq mövzusunda keçirilən 3 günlük online seminarda Gəncə Dövlət Universitetinin Menecment və turizm işi kafedrasının tələbələri iştirak ediblər.
Seminarda tələbələrə strateji marketinqin əməliyyat marketinqdən fərqi, Ansoff Matriksinin təsnifatı, BCG Matriksində məhsul analizi, biznesin inkişafında B2C, B2B, B2G və B2E marketinqi, hədəf müştəri auditoriyasının fərqləndirilməsi, POSDCORB funksiyalarının sistematikası, missiya, strateji baxış və strateji məqsədlərin biznesin strateji planlaşdırılmasında rolu haqqında Almaniyalı professorlar tərəfindən təlim keçirilmişdir. Təlimin son günündə online testdən uğurla keçən universitetin tələbələri Ruslan Əmirov, Nərgiz Eminli, Leyla Orucova və Ayşən Rüstəmova Augsburg Universitetinin sertifikatını əldə ediblər.
Universitetin rektoru professor Yusif Yusibov uğur qazanan tələbələri və İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin marketinq mütəxəsisi Maqsud Vəliyevi qəbul edərək onları təbrik edib, tələbələrə təhsil həyatlarında daha böyük uğurlar arzulayıb.
Sonda rektor tələbələrlə xatirə şəkli çəkdirmişdir.