Riyaziyyat və informatika fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

 Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərdən söz açaraq Qarabağda suverenliyimizin tam bərpasının böyük qürur olduğunu diqqətə çatdırıb.      Bildirib ki, Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edir. Bu Zəfər bir daha göstərdi ki, xalqımız hər cür təhlükəni dəf etməyə qadirdir və öz torpağının bir qarışından belə imtina etməyəcək. Prorektor onu da diqqətə çatdırdı ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərdi. Qələbə nəticəsində biz ərazi bütövlüyümüzlə yanaşı, milli qürurumuzu da bərpa etdik.       

Təbirdə Riyaziyyat və informatika fakültəsinin dekanı Oruc Hüseynov çıxışında Ordumuzun qəhrəmanlığından söz açıb. Vurğulayıb ki,  dünyanın bir sıra nəhəng dövlətləri Vətən Müharibəsində ordumuzun tətbiq etdiyi taktikanı diqqətlə öyrənirlər.     

 Tədbirin bədii hissəsi tələbələrin yüksək vətənpərvərlik ruhunda hazırladıqları çıxışlarla davam edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti