SƏRGİDƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ DƏ TƏMSİL OLUNMUŞDUR
Ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar. Eyni zamanda Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər. Sərgidə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, “CELT Colleges” Azərbaycanı təmsil edəcəklər. Gəncə Dövlət Universiteti də öz töhfələri ilə iştirakçı qismindədir.
Sərgidə rektorun baş müşaviri dosent Asif Cavadov, fəxri professor Şaiq Məmmədov, Tələbə Həmkarlar Komitəsinin sədri Pərviz Adıgözəlov və İnforrmatika kafedrasının baş müəllimi Vasif Həsənovdan ibarət nümayəndə heyəti tərəfindən Universitetin elmi nailiyyətlərini əks etdirən eksponatlar, yeni nəşrlər, idman, intellektual yarışlar və musiqi sahəsində alınan kuboklar, sertifikatlarlar, tələbələrin rəsm əsərləri, həmçinin fəxri professor Şaiq Məmmədovun əl işləri nümayiş etdirilmişdir. Universitet haqda geniş məlumatlar 6 dildə nəşr edilmiş bukletlər və təbliğat xarakterli məmulatlar vasitəsilə ziyarətçilərə çatdırılmışdır.
Azərbaycan Respublikasının Təhsil Nazirinin müavini Ceyhun Bayramov Gəncə Dövlət Universitetinin sərgi nümunələrini və nümayəndə heyətinin fəaliyyətini xüsusilə qiymətləndirmişdir.