ŞUŞA DÜNYA AZƏRBAYCANLILARINA QUCAQ AÇDI

Məlum olduğu kimi Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı öz işinə başladı.

65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak etdiyi qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək geniş nitq söylədi. Ölkə başçısı dedi: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər”.

        Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.

          Qeyd edək ki, Dünya Azərbaycanlıarının V Qurultayının Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi olan Şuşa şəhərində keçirilməsi bizim böyük sevinc və qürur hissimizdir. 30 illik həsrətdən sonra nə xoşdur ki, biz ilk dəfə olaraq bu möhtəşəm qurultayı Şuşada kerirdik.Bu tarxi zəfər hər bir azərbaycanlının qələbəsidir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bizə qələbə sevinci yaşadan qüdrətli Azərbaycan Ordusuna indi hər birimiz minnətdarıq.

          Bu gün hər bir azərbaycanlı Qarabağda aparılan bərpa və quruculuq işlərini böyük ruh yüksəkliyi ilə izləyir. Əlbəttə ki, Dünya Azərbaycanlılarının V Qurultayında Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı quruculuq  işləri ilə əlaqədar dediyi fikirlər həm bizdə, həm də diaspor təşkilatlarının nümayəndələrində böyük maraqla qarşılandı.

          Ölkə başçısı qurultayda  Azərbaycanın diaspor siyasətinin inkişaf perspektivlərini də yüksək qiymətləndirdi. Bildirdi ki, Vətən müharibəsində tarixi faktların dünya ictimaiyyətinə və mətbuatına çatdırılmasında Azərbaycan Respublkasının Diasporla İş üzrə Dövlət Komitəsinin səylərini yüksək qiymətləndiririk. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, tarixi həqiqətlərin dünyaya çatdırılması hər bir soydaşımızın diqqət mərkəzində olub və bu gün də davam edir. Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.