Şuşasız 27 il
Gəncə Dövlət Universitetində “Əsirlikdə qalan qədim Şuşa şəhərinin işğalına həsr edilmiş tədbir təşkil olunub.
Humanitar məsələlərüzrə prorektor Gülsüm Fətəliyeva bildirib ki, son iki yüz ildə ermənilər tarixi Azərbaycan torpaqları hesabına uydurma “böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər.
Bu cinayətlərin içərisində 27 il bundan əvvəl – 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhəri və rayonun 30 kəndi işğal edilib və dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, itkin düşüb, 58 nəfərin taleyi haqqında isə heç bir məlumat yoxdur. Nəticədə, Şuşa rayonunun 24 mindən artıq əhalisi öz doğma torpağından məcburən köçkün düşərək Azərbaycanın 58 rayonunda məskunlaşıb.
Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan tarixində mühüm yer tutan, canlı təbiət muzeyi və abidələr şəhəri olan Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq Musiqi Alətləri Fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilib, yandırılıb və dağıdılıb.
Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.
Tədbirdə çıxış edən digər məruzəçilər bildiriblər ki, XX əsrin 80-ci illərinin ikinci yarısında Ermənistan yenidən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdü. Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan 30-dan çox yaşayış məntəqəsinı işğal etdi. 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.
XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilib və hazırda Azərbaycan ərazisinin 20 faizindən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün bu ərazilər Ermənistan Respublikası tərəfindən etnik təmizləməyə məruz qalıb. Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı öz doğma torpağından məcburən köçkün düşüb. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub, nəticədə 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.
Qeyd edilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən atılan qeyri-qanuni addımlar, qanunsuz səfərlər, görüntü xatirinə keçirilən tədbirlər, məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, xüsusilə Şuşa şəhərində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi beynəlxalq və humanitar hüququn pozulması deməkdir. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət abidəsi, eləcə də tarixi abidələr ermənilər tərəfindən dağıdılıb, məbədgah və məscidlər təhqirlərə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Qarabağ xanları Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, eləcə də Azərbaycan tarixində xüsusi rol oynamış görkəmli şəxsiyyətlərin ev muzeyləri və sair tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilib, dağıdılıb və mənimsənilib.
Bildirilib ki, Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən Şuşa rayonunun 34 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırır.
Tədbir tələbələrin ifa etdiyi Şuşa şəhərinə həsr olunmuş şeirlərlə sona çatıb.