Təhsil Nazirliyində kollegiya iclası
Noyabrın 15-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasını açaraq ölkə başçısının rəhbərliyi ilə təhsil sahəsində aparılan məqsədyönlü islahatlar nəticəsində əldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr barədə məlumat verib.
Kollegiya iclasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev 2017-2018-ci tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun yekunları, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bəzi qayda və əsasnamələrin təsdiqi barədə məruzə edib.
Sonra təhsil nazirinin müavini Mətin Eynullayev Rektorlar Şurasının yaradılması haqqında məlumat verib.
İclasda Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov rəhbərlik etdiyi ali təhsil müəssisənin tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr və maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatla çıxış edib.
Daha sonra ali təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri ilə bağlı çıxışlar olub, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirilib.
Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.
Kollegiya iclasında Rektorlar Şurasının Əsasnaməsi müzakirə olunduqdan sonra sənəd təsdiq edilib, eləcə də 2018-ci ildə ali təhsil müəssisələrinin prorektorlarının attestasiyasının keçirilməsi ilə bağlı qərar qəbul olunub.