Tələbələr üçün “Yaşıl Transformasiya Təlim Modulu” adlı layihəyə start verilir
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Çanaqqala Onsəkkiz Mart Universitetinin (COMU) birgə təşəbbüsü ilə Gəncə Dövlət Universitetində növbəti tədris ilindən etibarən “Yaşıl Transformasiya Təlim Modulu” adlı beynəlxalq layihə fəaliyyətə başlayır. Bu modul tələbələri dayanıqılılıq, iqlim dəyişikliyi və ətraf mühit texnologiyaları kimi mövzularda bilikli “Yaşıl Yaka” mütəxəssisi olaraq yetişdirmək məqsəd daşıyır. Təlimlər və imtahanlar türk dilində təşkil ediləcək.
Bu layihədə Gəncə Dövlət Universitetində təhsil alan mühəndislik, texniki və təbiət elmləri sahəsi üzrə bakalavr (yalnız III və IV kurs tələbələri) və magistr tələbələri iştirak edə bilər.
Layihədə iştirak etmək istəyən tələbələr ilk öncə aşağıda verilən link vasitəsilə qeydiyyatdan keçməlidir.
Qeydiyyatdan keçən və uyğun şərtlərə cavab verən tələbələr:
- İlkin olaraq sentyabr ayından etibarən 6 həftəlik onlayn (asinxron formada) təlimdə iştirak edəcək. Təlimin sonunda onlayn formada imtahan təşkil ediləcək. İmtahandan uğur qazanan tələbələr layihədə fəaliyyətlərini davam etdirəcək.
- İlkin imtahandan keçən tələbələrə Çanaqqala Onsəkkiz Mart Universitetinin professor-müəllim heyəti tərəfindən GDU-da 10 günlük üzbəüz praktik təlimlər təşkil ediləcək. Sonda tələbələr qonaq professor-müəllim heyəti tərəfindən qiymətləndiriləcəkdir. Qiymətləndirmə zamanı uğur qazanmış tələbələr layihədə fəaliyyətlərini davam etdirəcək.
- Sonda seçilmiş 5 nəfər tələbə Türkiyə Respublikasının Çanaqqala şəhərində yerləşən Çanaqqala Onsəkkiz Mart Universitetinin Texnoparkına səfər edəcək, burada olan proseslərlə yaxından tanış olacaq və müxtəlif şirkətlərlə təcrübə mübadiləsi aparacaq.
Layihənin əsas məqsədlərindən biri də proqramı uğurla tamamlayan tələbələrə “Yaşıl Yaka” titulunun verilməsidir. Layihənin şüarı isə belədir: “Dayanıqlı bir gələcək üçün sən də “Yaşıl Yaka” ol, fərq yarat!”
Proqramı uğurla bitirmiş tələbələrə növbəti təhsil pilləsi üzrə təhsillərini davam etdirmələri və mütəxəssis kimi yetişmələri üçün Çanaqqala Onsəkkiz Mart Universitetində təqaüd əsasında magistr və doktorantura təhsili almaları üçün şans veriləcək.
Səfər zamanı təyyarə bileti və otel TİKA tərəfindən, gündəlik yemək isə layihənin tərəfdaş şirkətləri tərəfindən qarşılanacaq.
Yerlərin məhdud sayda olduğunu nəzərə alıb qeydiyyatdan keçdikdən sonra (əgər iştirakları təsdiqlənərsə) tələbələr proqramda əvvəldən sona bütün mərhələlərdə (əgər imtahandan uğurla keçib və Türkiyəyə səfərə göndərilərsə) iştirak etmələri üçün öhdəlik götürəcək və onlardan əvvəldən sona qədər aktiv iştirak tələb olunacaq.
Əlavə məlumat üçün GDU-nun əsas tədris binasında yerləşən İnnovasiyalar departamentinə (4-cü mərtəbə) müraciət edə bilərsiz. Qeydiyyat Forması: https://forms.gle/cZ9QPVgnK7kiKQk17


