Təhsil işçiləri üçün yeni imkan: TəhsilPlus kartının tətbiqinin yeni mərhələsinə start verildi
Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard şirkətinin əməkdaşlığı ilə hazırlanmış TəhsilPlus kartının tətbiqinin yeni mərhələsinə start verilib. Martın 4-də keçirilən tədbirdə kartın təhsilin bütün pillələrində çalışan təhsil işçilərinə təqdim olunmasını nəzərdə tutan əməkdaşlıq sənədləri imzalanıb.
Açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə, “Mastercard” şirkətinin Biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar layihənin məqsədinin təhsil işçilərinin sosial rifahını və motivasiyasını artırmaq, onlara müxtəlif güzəştlər, bonuslar və maliyyə imkanları təqdim etmək olduğunu bildiriblər. Kart dövlət–özəl tərəfdaşlığı əsasında hazırlanıb və müəllimlər üçün vahid çoxfunksiyalı platforma rolunu oynayacaq.
Tədbir çərçivəsində kartın funksional imkanları, tərəfdaş şəbəkəsi və istifadəçilər üçün nəzərdə tutulan üstünlüklər barədə geniş təqdimat keçirilib. Eyni zamanda layihənin genişləndirilməsi məqsədilə korporativ tərəfdaşların bu təşəbbüsə qoşulmasına çağırış edilib.
Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq sənədləri imzalanıb. İmzalanmış sənədlər TəhsilPlus kartının ölkə üzrə təhsilin bütün pillələrində tətbiqinin təmin olunmasına xidmət edir.
Sonda sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərmiş və fəaliyyətləri ilə fərqlənən müəllimlərə ilk TəhsilPlus kartları təqdim olunub. Ümumilikdə ölkə üzrə təxminən 450 min pedaqoji və inzibati təhsil işçisi bu kartdan istifadə imkanına malik olacaq.
Qeyd edək ki, tədbirdə Gəncə Dövlət Universitetini Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov təmsil edib.







