Tələbələr narkotik vasitələrin zərərləri barədə məlumatlandırılıblar
Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində “Narkomaniyaya qarşı mübarizə hər kəsin insani borcudur” mövzusunda tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq narkomaniya, onun fəsadları, gətirdiyi faciələr, yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması və bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışıb. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın əsas məqsədləri haqqında ətraflı məlumat verib. “Ağ ölüm”ə qarşı mübarizənin gücləndirilməsi üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti barədə söhbət açıb.
Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov çıxış edərək narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb. Gənclərə asudə vaxtlarını səmərəli keçirmələrini tövsiyə edib.
Tədbirdə Azərbaycan tarixi kafedrasının müəllimi Çinarə İbrahimovanın “Gənclərin fəlakətinə səbəb olan ağ ölüm”, Ümumi tarix kaferdasının
dosenti Hüseyn Bəxtiyarlının “Narkomaniya bəşəri fəlakətdir”, Tarix-coğrafiya fakültəsinin 1-ci kurs tələbəsi Zeynəb Abbasovanın “Narkomaniyaya qarşı mübarizə” mövzusunda məruzələri dinlənilib.
Tələbələrin sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti