ULU BİR SƏRKƏRDƏ, ULU BİR ÖNDƏR
Gəncə Dövlət Universitetində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsini bir dəqiqəlik sükutla, dərin ehtiramla yad ediblər.
Daha sonra Ulu öndərə həsr edilmiş video çarx izlənilib.
Mərasimdə çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərkən bütün Azərbaycan xalqı kimi, universitetin hər bir əməkdaşı da dahi şəxsiyyətin zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salaraq ehtiramını bildirir, əbədiyaşar liderimizin Vətəni və xalqı üçün gördüyü nəhəng işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində xidmətlərinin hədsiz əhəmiyyətini minnətdarlıq hissi ilə qeyd edir.
Bildirilib ki, müasir Azərbaycanın şərəfli inkişaf tarixinin 30 ildən artıq bir dövrü fenomenal xüsusiyyətlərə, dərin təfəkkürə və güclü iradəyə malik ən böyük azərbaycanlının adı ilə bilavasitə bağlıdır. Məhz onun dəyanəti və cəsarəti, mətinliyi və zəkası, qətiyyəti və qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarından üzü ağ çıxaraq çətinliklərə sinə gərib, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olunmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilib.
Azərbaycanlı olması ilə hər zaman fəxr edən, milli mənsubluğundan hədsiz iftixar hissi keçirən ulu öndər Heydər Əliyev öz fəaliyyəti və misilsiz xidmətləri sayəsində xalqımızın qəlbinə və yaddaşına həmişəlik həkk olunub. Heydər Əliyev sovet dövründə, eləcə də müstəqillik illərində xalqımızın müdafiəsi və rifahı, milli dövlətimizin qurulması və möhkəmləndirilməsi üçün elə bir yorulmaz və əzmkar fəaliyyət göstərib ki, Azərbaycan xalqı onu özünün həmişəlik Ümummilli Lideri seçib, vətəndaşların ürəyində və qəlbində əbədi yer tutub.
Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır.
Qeyd edilib ki, hazırda Heydər Əliyev ideyalarına və xalqına sadiqliyini əməli işləri ilə sübuta yetirən Prezident İlham Əliyev tərəfindən həmin ideyaların reallaşdırılması istiqamətində məqsədyönlü və yeni məzmunlu daxili və xarici siyasət həyata keçirilir. Dövlətimizin başçısının uğurlu fəaliyyəti bir daha göstərir ki, Heydər Əliyev ideyaları yaşayır və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsini və vətənimizin hərtərəfli tərəqqisini təmin edir. Dünya birliyinə sürətlə inteqrasiya olunan Azərbaycan regionun lider dövləti statusunu özündə saxlamaqla iqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı ölkələri sırasında yerini qoruyub saxlayıb, böyük enerji layihələrinin reallaşdırılması istiqamətində inamlı addımlar atıb.
Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktiki şəkildə gerçəkləşdirən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosialyönümlü siyasət həyata keçirən dövlətimizin başçısı daim müdrik qərarları, səriştəli və bacarıqlı idarəçiliyi ilə xalqımızı ciddi sınaqlardan, iqtisadi risklərdən və onların yarada biləcəyi fəsadlardan xilas edərək, ölkənin davamlı və dayanıqlı tərəqqisini təmin edib.
Sonda bir daha bildirilib ki, son illər həyata keçirilən mütərəqqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər göstərilənlərin bariz nümunəsidir.