“Ulu Öndərimiz Heydər Əliyev, milli-mənəvi dəyərləmizin qorunması, inkişaf etdirilməsi və təbliği” mövzusunda konfrans keçirilib
Gəncə Şəhər Ağsaqqallar Şurası, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Ulu Öndərimiz Heydər Əliyev, milli -mənəvi dəyərləmizin qorunması, inkişaf etdirilməsi və təbliği” mövzusunda konfrans keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Dövlət Universitetinin II tədris binasının akt zalında keçirilən konfransda Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri, elm, təhsil, mədəniyyət, müəssisə, təşkilatların rəhbərləri və nümayəndələri, eləcə də universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin tarixi önəmindən və Ümummilli Liderin Azərbaycanın inkişafı, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Diqqətə çatdırıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması müasir tariximizdə dönüş nöqtəsi oldu. Ümummilli Lider Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi, atəşkəsə nail oldu və Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi.
Prorektor çıxışında onu da bildirib ki, Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir və ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən nailiyyətlərin təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursu dayanır.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsinə çalışmışdır.
Tədbirdə çıxış edənlər Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin əldə etdiyi siyasi və hərbi qələbələr, iqtisadi nailiyyətlər fonunda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasından geniş danışıblar.
Daha sonra Gəncə Şəhər Ağsaqqallar Şurasının sədrinin 1-ci müavini, “Respublika” qəzetinin xüsusi müxbiri Zabit Xəlilovun “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün milli-mənəvi dəyərlərin qorunması və təbliği” və GDU-nun Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadənin “Ulu Öndərimiz Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi” mövzularında məruzələri, həmçinin tələbələrin çıxışları dinlənilib.
Tədbirin sonunda Ağsaqqallar Şurasının fəal üzvlərinə Təşəkkürnamə təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti