Ulu Öndərin gənclər siyasəti ölkənin intellektual potensialının inkişafına təkan verən amillərdəndir
Gəncə Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib.
Xarici dillər fakültəsinin təşəbbüsü ilə təşkil edilmiş tədbirdə professor-müəllim heyəti, tələbə kollektivi iştirak edib.
Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tədbiri açaraq bildirib ki, həqiqətən belə bir dahi şəxsiyyət haqqında söz demək həm asan, həm də olduqca çətindir. Ona görə asandır ki, Respublikamızın hansı sahəsinə diqqət yetirsək, Heydər Əliyev irsi, fəaliyyəti, yaradıcılığı, dühası, əzəməti görünməkdədir. Azərbaycanın heç bir tarixi uğurlarını Ulu Öndərsiz düşünmək qeyri-mümkündür. Çətindir, ona görə ki, tarixin yetişdirdiyi belə bir şəxsiyyət haqqında danışmaq, fikir yürütmək, qiymətləndirmək insanda ciddi məsuliyyət hissi tələb edir. Bu şəxsiyyət təkcə bu günki nəsil üçün deyil, bundan sonra gələcək neçə-neçə nəsillər üçün də misilsiz örnəkdir. Prorektor Ulu Öndərin şəxsiyyətindəki milli vətənpərvərlik hissləri haqqında söz açaraq, Heydər Əliyev şəxsiyyətində, onun çoxşaxəli fəaliyyətində milli mənsubluğun, milli təəssübkeşliyin, xalqına, torpağına bütün varlığı ilə bağlılığın əzəmətini bir daha yada salıb.
Bildirilib ki, bu gün həyata keçirilən gənclər siyasəti ölkənin intellektual potensialının inkişafına təkan verən amillərdəndir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.
Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov qeyd edib ki, Dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmsil edilməsi, tələbələrin asudə vaxtının səmərəli təşkili, eləcə də aktyorluq bacarığı olan gənclərin üzə çıxarılması məqsədilə Gəncə Dövlət Universitetində lazımi şərait yaradılıb və bu istiqamətdə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, GDU-nun tələbələri universitetlərarası Şən və Hazırcavablar Klubunun (KVN) yarışlarında, musiqi və şeir dərnəklərində, gənclər arasında keçirilən müxtəlif müsabiqələrdə fəal iştirak edərək kuboka layiq görülürlər.
Sonra Xarici dillər fakültəsinin şən və hazırcavab tələbələri hazırladıqları konsert proqramı ilə çıxış ediblər.
Sonda fakültənin ictimai fəal tələbələri fəxri fərmanla təltif edilib.