ÜMUMDÜNYA ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ SEMİNAR

20 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə  bu ayın  28-də qeyd ediləcək Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı  Biologiya – kimya fakültəsində  “Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması” devizi altında seminar keçirildi.
Seminarı giriş sözü ilə Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova açaraq bildirdi ki, Ümumdünya Əməyin Mühafizəsi günü münasibətilə universitetimizdə hər il tədbirlər keçirilir. İstehsalat sahələrində əməyin mühafizəsinin vəziyyətinə, texniki təhlükəsizlik tələblərinə riayət olunmasına, istehsalat-sanitariya normalarına uyğun işçilərin sanitar-məişət otaqları, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmasına yerlərdə nəzarət gücləndirilməlidir. İşçilərin sağlam və təhlükəsiz əmək şəraitinin təşkili bu gün bütün dünyada aktual problemlərdən biridir. Bu baxımdan da əsas diqqəti insanların taleyinə, onların sağlam va təhlükəsiz  əmək şəraiti ilə təmin olunması məsələsinə yönəltmək üçün Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi günü elan olunub. Diqqətsizlik nəticəsində hər bir sahədə təhlükə baş verə bilər. Ona görə də, daim əməyin təhlükəsizliyi, təhlükəsizlik qaydalarına riayət olunması haqqında söhbətlər aparılmalıdır. Bu məsuliyyət bir an olsun  belə cavabdeh şəxsləri tərk etməməlidir.
Seminarın yekununda əməyin mühavizəsi məsələləri ilə bağlı tədbirləri daha da gücləndirmək haqqında qərar qəbul edildi