Universitet aliminin “Müasir dünyada təhsilin inkişaf tendensiyaları” mövzusunda açıq dərsi maraqla dinlənilib
Gəncə Dövlət Universitetində Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Ziyafət Bayramovanın Müqayisəli pedaqogika fənnindən “Müasir dünyada təhsilin inkişaf tendensiyaları” mövzusunda açıq dərsi maraqla dinlənilib.
Pedaqoji fakültənin 3-cü kurs ibtidai sinif müəllimliyi ixtisasında (rus bölməsi) təhsil alan tələbələri üçün nəzərdə tutulan mühazirə müasir dünyamızın mütərəqqi düşüncəli ictimaiyyətini təhsil prosesində narahat edən qlobal problemlərə, müasir konsepsiyalara, hüquqi baza və mövcud bazanın təhlilinə həsr edilib.
Mühazirədə 19-cu əsr təhsilinin xüsusiyyətləri və inkişaf tendensiyaları qabardılmış və əhəmiyyət kəsb edən məqamlar araşdırılmışdır. Bunların sırasında insanın özünütəsdiq prosesində ən yüksək sosial dəyər olan humanizm, şəxsiyyətin mənəvi, mədəni, ümumbəşəri təfəkkürünün formalaşmasına təsir edən təhsilin humanitarlaşması, təhsilin milliliyi, tarixə, milli dəyərlərə bağlılığı; təhsilin açıq olması və inteqrativliyinin, qloballığının əhəmiyyəti və sair vurğulanmışdır.
Mühazirə interaktiv xarakter daşıdığından müqayisəli şəkildə bir sıra ölkələrin təhsil modelləri videoçarxlarla təqdim edilmiş və auditoriyaya təqdim edilmiş parametrlərə uyğun təhlil edilmişdir.
Müasir dünyanın siyasi, iqtisadi, sosial fonunda Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyası, inkişaf istiqamətləri, dövlətin prioritetləri, mövcud problemlərin həlli yollarının müəyyən edilməsi məsələlərinin auditoriyanın fəal iştirakı ilə təhlili aparılmışdır.