UNİVERSİTETDƏ “ƏHMƏD BƏY AĞAOĞLU – TÜRK DÜNYASININ İCTİMAİ-SİYASİ XADİMİ” MÖVZUSUNDA KONFRANS TƏŞKİL OLUNUB
Gəncə Dövlət Universitetində “Əhməd bəy Ağaoğlu – Türk dünyasının ictimai-siyasi xadimi” mövzusunda elmi konfrans keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, çıxış edən Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva bildirib ki, konfrans Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına müvafiq hazırlanmış tədbirlər planı əsasında reallaşıb.
Gülsüm Fətəliyeva qeyd edib ki, XIX əsrin sonu XX əsrin birinci yarısında yaşayıb yaratmış Əhməd bəy Ağaoğlu böyük ictimai-siyasi xadim, ziyalı, jurnalist, pedaqoq, siyasətçi, yazıçı və əsl vətənpərvər şəxsiyyət olub. O, Azərbaycanda və ölkənin hüdudlarından kənarda ictimai-siyasi proseslərdə fəal iştirak edib, milli oyanış hərəkatının daim ön sıralarında dayanıb, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Əhməd bəy Ağaoğlu ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində mühüm, diqqətəlayiq xidmətlər göstərib. Bu böyük şəxsiyyətin ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.
Prorektor diqqətə çatdırıb ki, Əhməd bəy Ağaoğlu hər zaman məqalələrində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni inkişafından keçdiyini qeyd edib. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən görkəmli mütəfəkkir qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. Əhməd bəy Ağaoğlu qadınların geriliyini və istifadə olunan əlifbanı müsəlman dünyasının iki əsas düşməni və sağalmaz yarası sayırdı. Əhməd bəy Ağaoğlu Ankara Universitetinin Hüquq fakültəsinin qurucularından olub, eləcə də ölkəmizdə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün “Difai” təşkilatını yaradıb. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir.
Universitetin Tarix-Coğrafiya fakültəsinin professor-müəllim heyəti məruzələrində bildiriblər ki, Əhməd bəy Ağaoğlu ilk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında alıb. Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olsa da, təhsilini yarımçıq qoyaraq, Parisdə hüquq məktəbini və Sarbonna Universitetini bitirib. Burada Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənib, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirib. Daha sonra onun müxtəlif məcmuələrdə digər yazıları da dərc olunub. Əhməd bəy Ağaoğlu Azərbaycanda və Türkiyədə milli-mənəvi və islami dəyərlərin qorunub saxlanılması şərtilə Şərq əsaslı və Qərb yönümlü inkişaf uğrunda fəaliyyət göstərib, məhz bu istiqamət onun publisistikasının əsasını təşkil edib. Görkəmli mütəfəkkirin hər iki xalqın milli istiqlalının əldə olunmasında böyük rolu olub. Əhməd bəy Azərbaycan mətbuatında, xüsusilə redaktoru olduğu “Həyat” qəzetində və “İrşad” qəzetində, eləcə də Türkiyə mətbuatında dərc olunmuş əsərlərində Qərb yönümlü cümhuriyyət tipli dövlətin qurulması ideyalarını təbliğ edib. Azərbaycanda XX əsrin əvvəllərində milli oyanışa və müstəqillik dövlətçilik uğrunda mübarizəyə hazırlıq məsələlərinin həyata keçirilməsinə böyük təkan verib. Bu qəzetin çağırışları Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirib çıxarıb.
Əhməd bəy Ağaoğlu Qərb mədəniyyətindən öyrənmək fikrini yazılarında ardıcıl olaraq irəli sürüb, İslama baxışlarında demokratik mövqedən çıxış edib. O, Azərbaycan türklərində milli şüurun oyanmasında və güclənməsində mühüm rol oynayıb.