Universitetdə “18 İyun-insan hüquqlarının müdafiəsi günü”nə həsr olunmuş tədbir keçirilmişdir
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmışdır. Dövlət başçısı İlham əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siysətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında insan hüquqları günü kimi təsis edilib. Bundan başqa BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum imzalanmışdır. Hazırda ölkəmizdə insan hüquqları istiqamətində görülən işlər, atılan uğurlu addımlar, hətta pandemiyanın hökm sürdüyü günlərdə də insan hüquqlarının aliliyinin təmini, pozulmasının qarşısının alınması məqsədilə aparılan islahatlar Prezident İlham Əliyevin siyasi iradəsini əks etdirməklə həm Azərbaycan xalqı, həm xarici dövlətlər, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Sonra Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov müzakirə olunan mövzu ətrafında fikirlərini açıqlamışdır.
Tədbirdə universitetin sosial fənlər kafedrasının müəllimi Ramin Əliyevin “İnsan hüquqlarının təmin olunması dövlət siyasətinin əsasını təşkil edir”, həmin kafedranın baş müəllimi Şəhriyar Quliyevin “ “Azərbaycanda qadınların və uşaqların hüquqlarının qorunması”, universitetin hüquq məsləhətçisi Günay Şirinovanın “İnsan hüquqlarının müdafiəsi”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyevin “Ölkəmizdə insan hüquq və azadlıqları dövlət siyasətinin tərkib hissəsidir” mövzularında məruzələri dinlənilmişdir.
Ekspert konsultant Rəşad İsgəndərovun çıxışı da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Tədbirdə müzakirə olunan mövzu ətrafında iştirakçıların suallarına da cavab verilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.