UNİVERSİTETDƏ BEYNƏLXALQ AİLƏ GÜNÜ QEYD OLUNDU

15 may 2017-ci il tarixdə Gəncə Dövlət Univeürsitetinin əsas tədris binasının iclas zalında “15 May-Beynəlxalq ailə günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə universitetin Humanitar məsəslələr üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, professor-müəllim heyəti və tələbələr iştirak etdilər.

Tədbiri giriş sözü ilə dosent Gülsüm Fətəliyeva açaraq bildirdi ki, BMT Baş  assambleyası 1993-cü ilin sentyabrında 15 may  tarixini  1994-cü ildən etibarən hər il Beynəlxalq Ailə Günü kimi qeyd etməyi qərara aldı. Müstəqil Azərbaycanda  ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Prorektor qeyd etdi ki, Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan Ulu öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər görmüşdü. Ümummilli lider Heydər Əliyev 1998-ci ildə “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratmışdır. Ulu öndərin layiqli davamçısı, dövlət başçısı İlham Əliyev də bu məsələlərə böyük həssaslıqla yanaşaraq, 2006-cı ildə “Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”ni yaratmışdır. Dosent Gülsüm Fətəliyeva bildirdi ki, ölkənin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fondun dəstəyi ilə həyata keçirdiyi “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində gördüyü işlər də, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir.

Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova “Şəxsiyyət, özünü tərbiyə və ailə həyatı” , Azərbaycan tarixi kafedrasının müdiri dosent Emma Aslanova “Ailədə və cəmiyyətdə qadınların rolu” , Coğrafiya kafedrasının müdiri dosent Yeganə Əliyeva “Ailədə depressiya doğuran səbəblər” , Tarix-coğrafiya fakültəsinin tələbələri Çinarə Məlikova “Mən ailəni necə təsəvvür edirəm” və Sabir Əbdürrəhimov “Sağlam ailə dövlətin qurucusudur” adlı məruzələrlə çıxışlar edərək, ailənin cəmiyyətin əsas elementi, kiçik demokratiyanın təməli olduğunu bildirdilər.