UNİVERSİTETDƏ “GENDER BƏRABƏRLİYİ-İNSAN HÜQUQLARI” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR TƏŞKİL EDİLİB
Gəncə Dövlət Universitetində “Gender bərabərliyi-insan hüquqları” mövzusunda seminar təşkil olunub.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbiri açan universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, müasir dövrdə gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktualdır. Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadın və uşaqların hüquqlarının təmin edilməsini prioritet sayan dövlətlərin bu gün həll etməyə çalışdığı əsas problemlərdən biridir. Bu gün də dünyanın hər yerində qadın hüquqlarının təminatı uğrunda hərəkat genişlənib. Azərbaycan xalqı da tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duyub, ana adını uca tutub, qadına dərin hörmət, ehtiram və məhəbbətlə yanaşıb. Xalqımızın qəlbən tapındığı islam dinində də qadına, qıza və anaya yüksək ehtiram və hörmət ifadə edilib.
Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapmışdır. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Ümummilli lider Heydər Əliyevin qadınlara həssas diqqət və qayğısından danışan prorektor Ulu öndər tərəfindən 1998-ci ildə “Azərbaycan qadınlarının rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncamını da bu qayğının təzahürü kimi dəyərləndirmiş, ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb. Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır.
Diskusiya şəraitində təşkil olunmuş tədbirdə çıxış edən məruzəçilər qeyd ediblər ki, qadın və kişilərin sosial vəziyyətindəki fərqlər, onların hüquqlarının bərabər olmaması əsrlər boyu yanlış olaraq bioloji səbəblərlə izah edilib. Halbuki gender bərabərliyi – bərabər maddi rifah, bərabər imkanlar, dəyərlərin oxşar sistemi, qərarların qəbul edilməsi prosesində bərabərhüquqlu iştirak, resurslara və qazanclara bərabərhüquqlu nəzarət deməkdir. Gender bərabərliyi dedikdə, heç də kişi və qadının eyni cür davranışı nəzərə alınmır. Sadəcə, insanın kişi və ya qadın doğulmasından asılı olmayaraq, bərabər hüquqa malik olması önə çəkilir. Yəni, insanın qadın doğulması hər hansı məhdudiyyətə səbəb olmamalı.
Gender bərabərliyi olan cəmiyyət – qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. Belə cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Həqiqi mənada zəngin cəmiyyətin qurulması gender və cinsdən asılı olmayaraq, bütün insanların müxtəlif həyat şəraiti seçmələrinə imkan verən sosial çərçivənin yaradılmasından asılıdır. Bu, uşaq böyütmək və ona qulluq etmək vəzifəsinin yalnız qadınlara, işləmək, vergi ödəmək, dövlətin inkişafı üçün şərait yaratmaq missiyasının yalnız kişilərə aid olması ilə bağlı ziyanlı stereotiplərdən azad cəmiyyətdir. Yalnız kişi və qadınların siyasi həyatda, iş yerlərində və ailədə yerinin düzgün müəyyənləşdirilməsi yolu ilə xoşbəxt və firavan həyat şəraiti olan ailə, gözəl cəmiyyət yaratmaq mümkündür.