UNİVERSİTETDƏ KEYFİYYƏTİN TƏMİNATI İLƏ BAĞLI PİLOT PROQRAMIN İCRASINA BAŞLANILIB
Gəncə Dövlət Universiteti tərəfindən Avropa İttifaqının Erasmus+ proqramının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişafı (EQAC)” adlı layihəsi çərçivəsində icra olunacaq “Yeni kurrikulumun” tətbiqinə dair 02 dekabr 2019-cu ildə universitet rektoru tərəfindən təsdiq edilmiş “Pilot proqram” layihəsinin tətbiqinə başlanılıb. Qeyd edək ki, layihə İnnovasiyalar departamenti tərəfindən hazırlanmış və təqdim edilmişdir. Layihənin icrasına nəzarət də departament tərəfindən aparılacaqdır.
Hazırlanmış Pilot proqramda layihənin məqsədi, fəaliyyət planı, layihə müddətində təşkil olunacaq təlimlər, layihənin icrası üçün seçilmiş pilot fənnlər, pilot müəllimlər, pilot proqram komissiyası öz əksini tapmışdır. Qeyd edək ki, pilot ixtisas olaraq Biologiya-kimya fakültəsinin “Biologiya müəllimliyi” ixtisası seçilmişdir.
Layihənin əsas məqsədiBiologiya-kimya fakültəsinin “Biologiya müəllimliyi” ixtisası üzrə kurrikulumun Avropa Standartları və Təlimatlarına (ESG) əsasən yenilənməsi, akademik heyətə və tələbələrə müvafiq təlimlərin keçirilməsidir. Eyni zamanda ESG standardlarına uyğun olaraq sillabusların yazılması, tələbə yönümlü təhsil sistemində mənimsəmə nəticələrinin yazılması qaydalarının tətbiqi, maraqlı tərəfdaşların maraqlarının proqram tərtibində nəzərə alınması, proqram tərtibinə tələbələrin cəlb olunması, yeni qiymətləndirmə metodlarının tətbiq olunması, kurs işlərinin layihə formasında tətbiq olunması, mütəmadi sorğu sisteminin tətbiq olunması kimi məsələlərin də həlli nəzərdə tutulub.
Layihəyə əsasən Pilot ixtisasın seçilməsi, Pilot fənnlərin seçilməsi, Pilot proqram komissiyasının təşkili, yeni sillabus qaydalarının hazırlanması, Pilot müəllimlərin seçilməsi və onların cari tədris metodlarının monitorinq edilməsi, yeni qiymətləndirmə qaydalarının hazırlanması, proqramın məqsəd və təlim nəticələrinin hazırlanması, fənnlərin məqsəd və təlim nəticələrinin hazırlanması, fənn ədəbiyyatlarının və semestr müddətində həmin fənn üzrə veriləcək tapşırıqların komissiya tərəfindən yoxlanılması və qiymətləndirilməsi, sorğuların keçirilməsi kimi fəaliyyətlər qrafikə uyğun olaraq həyata keçirilir. Artıq bu fəaliyyətlərin çoxu həyata keçirilmişdir.
Layihə müddətində ESG standartlarına uyğun sillabus və kurrikulumun yazılması qaydası, maraqlı tərəfdaşların proqram tərtibində rolu, tələbələrin proqram tərtibinə cəlb olunması, fənnlərin monitorinqi qaydaları, müəllimlərin monitorinqi qaydaları, sorğu nəticələrinin təhlili kimi təlimlər təşkil olunmuşdur. Bundan başqa seçilmiş ixtisas üzrə müəllim və idarəetmə heyətinə ESG standartları və onların keyfiyyət təminatında rolu, tələbə yönümlü təhsil sistemində mənimsəmə nəticələrinin hazırlanmasının rolu, Bloom taksanomiyası, araşdırma və analitik təhlil, yeni tədris metodları, məqalələrin təhlili qaydası, layihələrin (kurs işlərinin) yazılması qaydası, sorğu nəticələrinin təhlili kimi məsələlərlə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda seçilmiş ixtisas üzrə tələbə heyətinə də keyfiyyət təminatında tələbələrin rolu, yeni tədris metodlarının tədbiqi, layihələrin (kurs işlərinin) yazılması qaydası, yeni qiymətləndirmə qaydaları, sorğularda iştirakın əhəmiyyəti mövzularında təlimlərin keçirilməsi planlaşdırılır.
18-20 oktyabr tarixlərində layihə çərçivəsində nəzərdə tutulmuş təlimlərin keçirilməsinə start verilib. Təlimlər İnnovasiyalar departamentinin təşkilatçılığı ilə həyata keçirilib. Təlimin birinci günü pilot proqramda iştirak edəcək müəllimlər və tələbələr ilə görüş keçirilib. Görüş zamanı İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov iştirakçılara pilot proqram haqqında ətraflı məlumat verib. Bundan sonra layihənin tətbiqi zamanı lazım olacaq bilik və bacarıqların əldə olunması üçün təlimlər keçirilib. Təlimin zamanı Avropa Standartları və Təlimatlarına uyğun proqram və kurrikulumun yazılması qaydası, Blum taksanomiyası, təlim nəticələri kimi mövzulara toxunulub. Təlimin 2-ci günü tələbə yönümlü təhsil sistemində təlim nəticələrinin hazırlanması, müasir təlim texnologiyaları, tələbələrin keyfiyyətin təminatı proseslərində rolu kimi mövzularda təlimlər keçirilib. Təlimin son günü isə tələbə biliyinin qiymətləndirilməsi, yeni qiymətləndirmə metodları, tələbələrin bu proseslərə cəlb olunması mövzularından danışılıb. Layihədə iştirak edəcək pilot müəllimlərə növbəti tapşırıqları izah olunub və onlara qrafikə uyğun olaraq işlərin icra olunması tapşırığı verilib.
Qeyd edək ki, layihədə iştirak edən pilot müəllimlər üçün növbəti təlimlər yanvar ayında EQAC layihəsinin kordinatoru olan Bakı Biznes Universitetində təşkil olunacaqdır. Təlimlər 1 həftə davam edəcək və layihənin avropadan olan tərəfdaş universitetlərinin ekspertləri tərəfindən aparılacaqdır. Təlimlərin sonunda isə qrafikə uyğun olaraq növbəti tapşırıqlar haqqında məlumat veriləcəkdir.
Gələn həftə isə layihənin qaydalarına uyğun olaraq hazırlanmış sorğuların keçirilməsi nəzərdə tutulub. Sorğular həm müəllimlər həm də tələbələr arasında təşkil olunacaqdır. Sonda sorğu nəticələri müzakirə olunacaq və müvafiq sənəd hazırlanacaqdır.
Layihəyə uyğun olaraq 2 nəfər pilot tələbənin yay aylarında EQAC layihəsinin Litvadan olan tərəfdaşı SMK Tətbiqi Elmlər Universitetində təcrübə keçməsi nəzərdə tutulmuşdur.
Nəzərdə tutulan təlimlər yekunlaşdıqdan sonra, pilot müəllimlər növbəti semestr ərzində seçilmiş pilot fənnlərin tədrisini öyrəndikləri yeni qaydalar əsasında aparacaqlar. Həmin semestrin sonuna yaxın isə layihəyə əsasən Avropanın bu sahədə tanınmış təşkilatlarının və Avropadan olan tərəfdaş universitetlərin ekspertlərinin iştirakı ilə akreditasiya aparılacaqdır. Akreditasiyadan uğur qazandıqdan sonra müvafiq təşkilat tərəfindən universitetə beynəlxalq sertifikat təqdim ediləcəkdir.
İnnovasiyalar Deparatamenti tərəfindən sonda layihənin məqsədinə nail olmaq üçün bütün işlər qrafikə uyğun olaraq icra olunur.