UNİVERSİTETDƏ “MƏZUN GÜNÜ” QEYD EDİLDİ
17 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin II tədris binasının qarşısında “Gələcəyimizin qurucuları” adlı məzun günü qeyd edilmişdir. Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin rektoru professor Yusif Yusibov açaraq ilk öncə tələbələri “Məzun günü” münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulamışdır. Respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatların əhəmiyyətini xüsusilə vurğulayan rektor universitetin fəaliyyəti, təhsil sistemi, uğurları haqqında da ətraflı məlumat vermişdir. Rektor bildirdi ki, tələbələrimizlə savadlı, pedaqoji təcrübəyə və ustalığa malik professor-müəllim heyəti məşğul olur. Bu il bu ali təhsil ocağının1511 bakalavr və 150 magistr məzunu vardır. Rektor Yusif Yusibov çıxışında universitetin Riyaziyyat-informatika, Biologiya-Kimya, Filologiya fakültələrinin tələbələrinin universitetin ictimai-siyasi həyatında olduğu kimi semestr imtahanlarında da daha fəal olduğunu qeyd etmiş, məzun olan bütün tələbələrə gələcək həyatlarında və dövlət imtahanlarında uğurlar arzulamışdır.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevda Qurbanəliyeva çıxış edərək məzun tələbələri təbrik etmiş və gələcək həyatlarında onlara uğurlar arzulamışdır.Sevda Qurbanəliyeva çıxışında, Ulu öndər Heydər Əliyevin dövlətin, cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etməsini qeyd etmiş və “Dövlət Gənclər Siyasəti haqqında” fərmanını imzalayaraq gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual, mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi,ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakının vacib olduğunu bildirmişdir. Eyni zamanda ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev cənabları tərəfindən ölkəmizdə elmə, təhsilə, gənclərin inkişafına göstərilən diqqət və qayğıdan söhbət açmışdır.
Filalogiya fakültəsinin dekanı professor Mübariz Yusifov,Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyev, Gəncə şəhər M.M.Mehdizadə adına 4 saylı tam orta məktəbin direktoru Əliağa Səfərəliyev, Gəncə şəhər 30 saylı tam orta məktəbin direktoru İlham Həsənov çıxış edərək müstəqil həyata vəsiqə qazanmış məzunları təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Riyaziyyat-informatika fakültəsinin tələbələri Məftunə Rəcəbova və Nübar Şükürlü, Fizika və texniki fənlər fakültəsinin tələbəsi Ulduza İsmayılova məzunlar adından müasir standartlara cavab verən ali təhsil ocağında yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, müəllimlərinə minnətdarlıqlarını bildirmişlər. Məzunlar öz fəaliyyətləri ilə onların etimadını doğruldacaqlarına, doğma ali məktəbin adını həmişə uca tutacaqlarına, şərəfini qoruyacaqlarına söz vermişlər.
Tədbirin sonunda bütün fakültələr üzrə təhsildə əldə etdikləri yüksək nəticələrə, universitetin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup tələbələrə rektor professor Yusif Yusibovun əmri ilə “Fəxri fərman”lar verilmiş, bir qrup tələbələrin valideynlərinə isə “Təşəkkür” məktubu ünvanlanmışdır.
Musiqi fənləri kafedrasının tələbələri musiqi çələngi ilə məzun gününə rəngarənglik bəxş etmişdir.Tədbir məzunların şən rəqsləri ilə yekunlaşmışdır.