Universitetdə “Şuşa Bəyannaməsinin tarixi-siyasi əhəmiyyəti” mövzusunda online elmi-praktik konfrans keçirilmişdir

Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi dəstəyi əvəzolunmazdır. Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynayır.

Ölkələrin hərbi qüdrətinin artmasına xidmət edən əməkdaşlıq iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində həyata keçirilən birgə səy artıq öz bəhrəsini verməkdədir. Tarixi Qars müqaviləsinin 100 illiyi ərəfəsində imzalanan Şuşa Bəyannaməsi bir daha gələcək işbirliyimizin istiqamətini göstərdi.

İyulun 9-da universitetdə “Şuşa Bəyannaməsinin tarixi-siyasi əhəmiyyəti” mövzusunda keçirilən elmi-praktik konfransda bu və ya digər məsələlər ətrafında maraqlı fikirlər səsləndirilmişdir.

Onlayn qaydada keçirilən konfransı giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq “Şuşa Bəyannaməsi-Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir” mövzusunda məruzə ilə çıxış etmişdir. Sonra rektorun baş müşaviri Asif Cavadov “Vətən müharibəsindən sonra Şuşa Bəyannaməsi zirvəsi”, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadənin “Qars müqaviləsindən Şuşa Bəyannaməsinə-tarixi varislik və bağlılıq”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Elminaz Namazovanın “ Şuşa Bəyannaməsi ilə bütün dünyaya “Bir millət, iki dövlət” mesajı verildi” və Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmovun  “Şuşa Bəyannaməsi və Cənubi Qafqazda siyasi münasibətlərin perspektivləri” mövzularında məruzələri dinlənilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti