UNİVERSİTETDƏ “44 GÜNLÜK MÜHARİBƏDƏ TARİX YAZAN AZƏRBAYCAN” ADLI ONLİNE TƏDBİR TƏŞKİL EDİLİB

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti “44 günlük müharibə və Böyük qayıdış” adlı online tədbir təşkil edib.

Tədbirdə çıxış edən Humanitar məsələlər üzrə  prorektor Gülsüm Fətəliyeva bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında oldular. Müzəffər Ali Baş Komandan yenə çox önəmli mesajlar verdi. Uğursuz dövlət olan Ermənistanda üzdəniraq qüvvələrin Azərbaycandan əvəzçıxma çağırışlarının səsləndirdiyi bir vaxtda bu səfər köksümüzü qabardır, bizi qürurlandırır.

Millət vəkili, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə məruzəsində qeyd edib ki, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini şanlı Qələbə ilə başa çatdırdı. Böyük qələbədən qısa müddət keçməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərimizin bərpasına, bir sıra infrastruktur layihələrinin reallaşdırılmasına başlanılıb. İşğaldan azad olunmuş ərazilərə mütəmadi səfər edən dövlətimizin başçısı ermənilərin vəhşiliyinə məruz qalmış şəhər və kəndlərimizin bərpası istiqamətində tapşırıqlarını verir, önəmli layihələrin təməlini qoyur.

Prezident İlham Əliyevin tarixdə hər zaman Azərbaycanın olmuş və olacaq Qarabağa səfəri, səfər çərçivəsində qaldırılan üçrəngli bayraq, çəkilən yollar, təməlqoymalar və digər tədbirlər dünəndən sabaha, bu gündən böyük gələcəyə uzanan yollardır, yeni istiqamətdir. Sanki tarixlə gələcəyin görüşü bu günlərdə olduğu qədər heç zaman belə əyani, belə böyük tabloda görünməmişdi. Qarabağ həqiqət meydanıdır.

Müzəffər Ali Baş Komandan budəfəki səfərində bir daha xatırlatdı ki, 44 günlük Vətən müharibəsi ilə Azərbaycan Ordusu öz şərəfli missiyasını yerinə yetirib, Azərbaycan Ordusu və Azərbaycan xalqı məhz tarixi ədaləti bərpa edib. Bizim ordumuz mülki əhaliyə qarşı müharibə aparmayıb və Hadrut qəsəbəsinin işğaldan azad olunması Vətən müharibəsində əldə olunan qələbədə böyük rol oynayıb. Dövlətimizin başçısı Hadrut əməliyyatının dünyanın hərb elmində xüsusi yer tutacağını dedi və bildirdi ki, bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bunun XXI əsrin müharibəsi olduğu qənaətindədirlər

Azərbaycanın dünya hərb elminə öz strategiyası ilə yeniliklər gətirməklə yanaşı, XXI əsrdə dünyada və regionda siyasi münasibətlərin inkişaf etdirilməsi baxımından da yeni reallıqlar, 30 ilə yaxın davam edən işğal dövründən sonra Azərbaycan öz tarixi torpaqlarında həyata keçirdiyi infrastruktur layihələri ilə regiona yeni bir nəfəs və eyni zamanda, yeni bir inkişaf dinamikası gətirir. İşğalçı Ermənistanın həyata keçirdiyi vandalizm siyasətindən sonra Azərbaycanın başlatdığı quruculuq siyasəti qonşu və dost dövlətlər üçün əməkdaşlıq baxımından yeni istiqamətlər və imkanlar yaradır.

Universitetin Azad Həmkarlar İttifaqı Komkitəsinin  sədri Afaq Qasımova vurğulayıb ki, bu gün Azərbaycanın qarşısında duran ən vacib məsələ işğaldan azad olunan torpaqlarımızda quruculuq işlərinin həyata keçirilməsi, həmin ərazilərin də digər regionlarımız kimi çiçəklənməsidir. Əminik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət və Azərbaycan xalqının birliyi, həmrəyliyi nəticəsində tezliklə qarşıya qoyulan hədəflər qət ediləcək. Azərbaycan Prezidentinin Azıx mağarasının qarşısında olarkən dediyi kimi, biz bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək.

Universitetin professor-müəllim heyəti məruzələrində bildiriblər ki, 2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin “irəli” əmri ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə dövlətimizin gücünü nəinki düşmənə, həm də bütün dünyaya göstərdi. Böyük Zəfərimiz Ordumuzun yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və Müzəffər Ali Baş Komandan arasındakı monolit birliyi bir daha sübut etdi. Əslində, bu Zəfər əzmkar Prezidentimiz, Ali Baş Komandanımızın Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağı və güzəştə getməyəcəyi ilə əlaqədar beynəlxalq ictimaiyyətə və təşkilatlara ünvanladığı bəyanatın təzahürü idi. Hər anı əfsanəvi qəhrəmanlıqlarla dolu bu müharibə dünya tarixinin, XXI əsr hərb elminin şəhidlərimizin qanı ilə yazılmış yeni səhifələri oldu. Allah Şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə şəfa versin.