UNİVERSİTETDƏ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASINDA BƏZİ MƏSƏLƏLƏR ƏTRAFINDA MÜZAKİRƏLƏR APARILIB
Gəncə Dövlət Universitetində(GDU) “Microsoft Teams” proqramı vasitəsilə Elmi Şuranın növbəti iclası online şəkildə təşkil edilib.
İclası açan GDU-nun rektoru professor Yusif Yusibov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O, pandemiyanın davam etməsi ilə əlaqədar olaraq virusa qarşı təhlükəszliyin təmin edilməsi məqsədilə universitetdə tədrisin təşkili, karantin rejiminin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıb. Rektor GDU-da onlayn (“Microsoft Teams” platforması üzərindən) dərslərin davam etdirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlər barədə danışıb.
Daha sonra, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun “Əyani və qiyabi təhsil üzrə 2020 /2021-ci tədris ilinin payız(qış) imtahan sesiyasının yekunları” və Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədovun “Tələbə və digər ictimai təşkilatların gənclərin inkişafında rolu və qarşıda duran vəzifələr” haqqında hesabatları dinlənilib.
Tədrisin təşkili və təlimin texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədov çıxış edərək imtahanların keçirilmə forması, həmçinin test imtahanları üçün sualların vaxtında bazaya təqdim edilməsi, test suallarının yenidən nəzərdən keçirilməsi, səhv sualların düzəldilməsi və ya çıxarılması kimi məsələlərə diqqət ayırmağı fakültə dekanlarına bildirib.
Elmi Şurada prorektorun hesabatı əsasında 2020/2021-ci tədris ilinin payız imtahan sessiyasının yekunları haqqında, həmçinin tələbələrin online dərslərə qoşulması, bəzi tələbələrin dərslərdə iştirak edə bilməməsi səbəbləri, təhsil haqlarının ödənilməsi və imtahanların keçirilmə formaları kimi məsələlər müzakirə edilib.
Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov tələbələrin və digər ictimai təşkilatların gənclərin həyatında rolundan danışaraq, onların asudə vaxtlarını səmərəli keçirmələrinin əhəmiyyətindən danışmışdır.
Müzakirə olunan məsələlərlə bağlı fakültə dekanlarına, kafedra müdirlərinə və tədris şöbəsinə müvafiq tapşırıqlar verilib.
Cari məsələlərlə bağlı – təhsil haqqı, akademik borcların ləğvi, onlayn tədris prosesinin keyfiyyət monitorinqinin gücləndirilməsi, kafedralarda həyata keçirilən elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və digər mövzularda müzakirələr aparılıb.
Sonda çıxış edən universitetin rektoru professor Yusif Yusibov bildirmişdir ki, ıı Qarabağ Müharibəsində iştirak etmiş tələbələr 2020/2021-ci tədris ilində olan təhsil haqqından azad edilir. Həmçinin II Vətən müharibəsində iştirak etmiş əməkdaşların əmək haqqlarına olan artımdan danışmışdır. Rektor online iclasda ”Yaşat Fondu”na ediləcək ianədən və I Qarabağ Müharibəsində iştirak etmiş əməkdaşların əmək haqqlarına olacaq artımlarla bağlı məlumat vermişdir.