UNİVERSİTETDƏ VAKSİNASİYA İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLMİŞDİR
Gəncə Dövlət Universitetinin (GDU) rəhbərliyi vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib olduğunu nəzərə alaraq maarifləndirici onlayn tədbir keçirib.
Tədbiri GDU-nun rektoru, professor Yusif Yusibov açaraq bildirib ki, doğrudan da inkişaf etmiş bəzi ölkələrdə xəstəxanalar dolub-daşdı, səhiyyə sistemi çökdü. Hətta bəzi ölkələr xəstələr arasında seçim etmək məcburiyyətində qaldı. Azərbaycan hökumətinin pandemiyanın başlanğıcında və sonradan atdığı addımlar, qəbul edilən qərarlar göstərdi ki, vəziyyət Prezidentin tam nəzarətindədir. Dövlət başçısı hadisələrin gedişini diqqətlə izləyir, risklər öyrənilir və dəqiq qiymətləndirilirdi. Prezident İlham Əliyevin problemə strateji baxışı və risklərin dəyərləndirilməsinə əsaslanan uzaqgörən qərarları elə ilk vaxtlarda yoluxma zəncirinin qırılmasına gətirib çıxardı. Sərt və qabaqlayıcı tədbirlər nəticəsində vəziyyəti çox keçmədən nəzarətə almaq mümkün oldu.
COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə digər ölkələrdə olduğu kimi, Azərbaycanda da vaksinasiya prosesi davam edir. Koronavirusa qarşı mübarizə tədbirlərindən biri də ölkəmizə vaksinlərin gətirilməsi və müxtəlif yaş qrupları arasında mərhələlərlə peyvəndləmə aparılmasıdır. Vaksinasiyada əsas məqsəd cəmiyyətdə kollektiv immunitetin yaradılması, epidemiya və pandemiyanın qarşısının alınması, eyni zamanda, ölüm riskinin azaldılmasıdır. Vaksin hər hansı xəstəlik törədən mikroorqanizmin xəstəlik törətmək qabiliyyəti olmayan formasının, yaxud mikroorqanizmin hər hansı komponentinin insan orqanizminə daxil edilməsi nəticəsində yaradılan qorunma metodudur. Vaksinlə insan xəstəliyin kiçik formasını alaraq orqanizmi onunla mübarizəyə məruz qoyur, nəticədə immunitet formalaşır. Lakin mikroorqanizm bunu xəstəlik qabiliyyəti olmadan həyata keçirir. Yəni insan xəstələnmədən, ya da çox zəif xəstələnərək immunitet formalaşdırır.
Sonda rektor hazırda Azərbaycanda və bir çox ölkələrdə tətbiq edilən vaksinasiyada ağır allergiyası olanlar və yaxın zamanlarda ağır xəstəlik keçirənlərdən başqa, hər kəsin rahatlıqla vaksin oluna biləcəyini söyləyib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti