Universitetimizin əməkdaşları İspaniyada təmsil olunublar
İyulun 8-dən 12-dək İspaniya Krallığının Valensiya Politexnik Universitetində Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi – PETRA” layihəsi çərçivəsində görüş keçirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, təlimlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gəncə Dövlət Universitetinin, Xəzər Universitetinin və Slavyan Universitetinin əməkdaşları iştirak ediblər.
Təlimlərdə Azərbaycan Universitetləri ilə yanaşı Türkiyənin Qazi Universiteti, Avstriyanın Vyana Tətbiqi Elmlər Universiteti, Macarıstanın Debreken Universiteti və Finlandiyanın Jivaskula Universiteti tərəfdaş universitet kimi iştirak ediblər.
Təlimin əsas məqsədi layihəyə əsasən tərəfdaş Azərbaycan universitetlərində “Təlim və öyrənmə mərkəz”lərinin yaradılması və mövcud vəziyyəti, eləcə də görüləcək işlərin planının hazırlanması olub. Həmçinin təlim və təhsildə innovativ metodlarla tədrisin təşkilinə dair beynəlxalq təcrübənin öyrənilməsi və layihədə tərəfdaş qismində üzv olan Azərbaycan universitetlərində tətbiqi nəzərdə tutulub.
Seminar keçirilən müddətdə Valensiya Politexnik Universitetinin təmsilçisi, layihənin koordinatoru Xavier Orozço və tərəfdaşlar layihənin gedişatında nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq mövcud vəziyyəti müzakirə edib, gələcək fəaliyyət istiqamətlərini planlaşdıblar.
Tərəfdaş universitetlərin nümayəndələri bu görüşdən əlavə olaraq Valensiya Politexnik Universiteti tərəfindən təşkil olunan “Education Change Forum 2019” forumunda iştirak ediblər. Forumda dünya təhsilində gedən proseslər, yeniliklər və bu sahə üzrə çatışmazlıqların həlli yolunda çıxışlar dinlənilib. Plenar iclasda Valensiya Politexnik Universitetinin rektoru Fransisko Mora, ABŞ-ın Olin Kollecinin vitse – kansleri Visente Manno, “Quanser” şirkətinin icraçı direktoru Paul Gilbert, İngiltərənin London Universitetinin Təhsil şöbəsinin direktoru Liza Cones çıxış ediblər.