UNİVERSİTETİN PROFESSOR-MÜƏLLİM HEYƏTİ XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNİ YAD EDİBLƏR

İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 29 il keçir. Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti videokonfrans təşkil  ediblər.

Anım tədbirini universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq bildirib ki, Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsindən 29 il ötür. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlərin nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Rektorun baş müşaviri Asif Cavadov çıxışında qeyd etmişdir ki, 1992-ci ilin o dəhşətli fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətmişlər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür. Ermənilər Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir.

Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova məruzəsində vurğulayıb ki, Xocalı soyqırımında həlak olanlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Buna görə də biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq, eyni zamanda, başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, bir o qədər də nikbin olmalıyıq, irəliyə, gələcəyə inamla baxmalı, ümidlə yaşamalıyıq.

Videokonfransın sonunda məruzəçilər bildirdilər ki, yaşadığımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmrilə dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına endirilən sarsıdıcı zərbəyə çevrildi. Qələbəyə doğru inamla irəliləyən mərd, qorxmaz əsgərlərimiz Azərbaycan torpaqlarını qarış-qarış, kənd-kənd işğaldan azad edərək,  30 illik Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoydu. Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq Böyük Qələbə xalq  birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə olundu.