ÜRƏKLƏRDƏ ƏBƏDİ YAŞAYAN ŞƏRQŞÜNAS ALİM AİDƏ İMANQULİYEVANIN XATİRƏSİ ANILIB

Gəncə Dövlət Universitetində (GDU) görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə konfrans keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə ilk olaraq  Aida xanım İmanquliyevanın  unudulmaz xatirəsi bir dəqiqəlik sükutla, dərin ehtiramla yad edilib.

Daha sonra alim, şərqşünas Aidə İmanquliyevaya həsr olunmuş film nümayiş olunub.

GDU-nun rektoru professor Yusif  Yusibov  Aida İmanquliyevanın şərqşünaslıq elminə töhfələrindən danışıb. Bildirib ki, 1939-cu ildə Azərbaycanın görkəmli jurnalisti, elm xadimi Nəsir İmanquliyevin ailəsində dünyaya gələn Aida xanım, 132 saylı orta məktəbi qızıl medalla bitirib. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb. Aida İmanquliyeva Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib. Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, həmin institutda direktor vəzifəsində çalışıb.

Aida İmanquliyeva 52 yaşında dünyadan köçsə də şərqşünaslıq elmində gördüyü böyük işlər, insan və ziyalı xanım kimi gözəl əməlləri bu günədək yaddaşlarda yaşayır. Aida İmanquliyevanı xatırlayanlar onun barəsində hər zaman yüksək fikirlər, dəyərli ifadələr səsləndirilər. Həqiqətən də Aida xanım, dəyərli elm xadimi, gözəl ana, əsl ziyalı mövqeyi ilə seçilən xanım olub.

Professor Yusif Yusibov qeyd edib ki, biz ona çox minnətdarıq, bu minnətdarlıq təkcə onun elmi fəaliyyətinə görə deyil, həm də ona görədir ki, Aida xanım bizim cəmiyyət, ölkəmiz üçün iki gözəl xanım bəxş edib və bu gün onlar Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edirlər. Bir ailədə öz elmi və ictimai fəaliyyətləri ilə tanınan xanımların olması doğrudan da Azərbaycanın fəxridir. Onların hər biri bu gün öz sahəsi üzrə fəaliyyət göstərərək Aida xanımın davamçısı olduğunu bir daha göstərirlər. Nərgiz Paşayeva şərqşünaslıq elmi üzrə fəaliyyət göstərməsə də, məşğul olduğu elm sahəsində öz sözünü deyə bilmiş bir akademikdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında saatlarla danışmaq olar. Bütün bunlar onların Aida xanımdan tərbiyə almasının nəticəsidir.

Aida İmanquliyeva qısa ömür payına böyük işləri sığdırıb. Adını Azərbaycan şərqşünaslıq elmi tarixinə qızıl hərflərlə yazan Aida İmanquliyeva 1992-ci il sentyabrın 19-da dünyasını dəyişib.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva bildirib ki, Aidə İmanquliyeva gələcək nəslin yolunun üstündə parlayan bir mayakdır. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aidə xanım İmanquliyeva 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olub

Çıxış edən digər məruzəçilər  bildiriblər ki, ömrünü Şərq mədəniyyətini və məhcər ədəbiyyatını öyrənməyə sərf edən Aida xanım İmanquliyeva müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, öz fundamental araşdırmaları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını da zənginləşdirib və inkişaf etdirib. Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor olan Aida İmanquliyevanın Şərq-Qərb ədəbi əlaqələrini araşdıran ilk azərbaycanlı olduğunu vurğulayan məruzəçilər alimin analitik təfəkkürü və zəngin mütaliəsini tədqiqatlarının əsas uğurunu şərtləndirən amillər olduğunu qeyd ediblər.

Görkəmli alim Aidə xanım İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini iştirak etdiyi beynəlxalq konfranslarda layiqincə təmsil edərək, yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasında uzun illər Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərib, ərəb filologiyası fənnindən oxuduğu maraqlı mühazirələri ilə yetirmələrinin yaddaşlarında dərin iz buraxıb. Aidə xanım İmanquliyeva  bir şəxsiyyət kimi hər yazıda yeni bir şəkildə canlanacaq, nəsil-nəsil oxucuların ürəyində, yaddaşında əbədi yaşayacaqdır.