Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq görkəmli şairin ömür yoluna nəzər salıb, onun zəngin ədəbi irsi, milli poeziyada yaratdığı yeniliklər haqqında məlumat verib. Diqqətə çatdırıb ki, sağlığında da canlı tarix olan Bəxtiyar Vahabzadə sadəcə istedadlı söz ustası deyil, millətinin varlığı, taleyi, ruhu ilə qovuşmuş bir yurd fədaisidir. Şair bütün yaradıcılığı ilə mənsub olduğu millətin yaddaşına hopmuş sənətkarlardandır.
Tədbirdə Tarix və Coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev, baş müəllim Yəhya Süleymanov, dosent Hüseyn Bəxtiyarlı çıxış edərək bildiriblər ki, Bəxtiyar Vahabzadə bütün ömrü boyu milli dilimizin təəssübünü, qayğısını çəkib və bu istiqamətdə xeyli iş görüb.
Tarix və coğrafiya fakültəsinin tələbələri Səidə Xudiyeva, Aysun İsgəndərova və Dilarə Süleymanova Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatının inkişafında, milli məfkurənin formalaşmasında göstərdiyi xidmətlərdən danışıblar.








