XARİCİ DİLLƏR VƏ FİLOLOGİYA FAKÜLTƏLƏRİNİN TƏLƏBƏLƏRİ XOCALI FACİƏSİ HAQQINDA ONLİNE TƏDBİR KEÇİRİBLƏR
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 22-də Gəncə Dövlət Universitetinin Xarici dillər və Filologiya fakültələrinin tələbələri online tədbir təşkil ediblər.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında bildirib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir zamana qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Yaşadığımız 44 günlük qələbədə Azərbaycanın prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz və xalqımız öz sözünü bütün dünyaya çatdırdı. Biz əzəli torpaqlarımızı düşmən tapdağından azad etdik. Prorektor Gülsüm Fətəliyeva onu da qeyd etdi ki, bizlər və siz gənclər azad olunmuş torpaqlarımızı bərpa etmək üçün hər zaman birlik olub Ali Baş Komandanın ətrafında “Dəmir Yumruq” olmalıyıq.
Hər iki fakültənin professor-müəllim heyəti öz məruzələrində bildiriblər ki, keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində olması tarixin ibrət dərsidir. Azərbaycanın çağdaş tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcəkdir.
Bildirilib ki, erməni faşizminin xislətini, gerçək mahiyyətini açan Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdən biridir. 29 il öncə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər dünyada ən əzazil, qəddar və qaniçən millət olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişdilər.
Xocalı soyqırımı ermənilərin əvvəlki illərdə xalqımıza qarşı törətdikləri amansızlıqların cəzasız qalması və erməni faşizminin antiazərbaycan siyasətinin məntiqi nəticəsidir. Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş soyqırım idi. Xocalıda mülki əhalinin planlı və məqsədli şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Xocalıdan çıxan əhalinin pulemyot, avtomat və başqa silahlardan gülləbaran edilməsi faktı bunu bir daha sübut edir. Bütün bunlar ermənilərin 29 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərinin kökündə məhz soyqırım niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.
Sonda Xarici dillər və Filologiya fakültəsinin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya dinlənilib.