XOCALI – UNUTMURUQ, UNUTDURMARIQ
Gəncə Dövlət Univesitetinin Riyaziyyat və informatika, Xarici dillər və Filologiya, eləcə də İqtisadiyyat fakültələrində 26 fevral – Xocalı soyqırımına həsr olunmuş anım tədbirləri keçirilib.
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək 34 il əvvəl Xocalıda törədilmiş insanlıq əleyhinə cinayətdən bəhs edib, bunun bir qətliam, soyqırımı olduğunu deyib. Bildirib ki, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə erməni millətçiləri Xocalıda yaşından, cinsindən asılı olmayaraq dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik edib. Xocalı müsibəti ermənilərin zaman-zaman Azərbaycan-türk əhaliyə qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən acı səhifələrindən biridir.
Tədbirlərdə çıxış edən dekanlar və fakültənin əməkdaşları Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar, “Xocalıya ədalət!” kompaniyası çərçivəsində dünya ölkələrində təşkil edilən mitinqlər, yürüşlər və tədbirlərdən bəhs ediblər.
Tədbirlərin sonunda tələbələr vətənpərvərliyə aid şeirlər səsləndiriblər.











